QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan Qarabağda 44 günlük müharibədə itirdiyi hərbçilərinin sayını açıqladı

Ən son məlumatlara görə, Qarabağda sentyabr ayında başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfi 3330 nəfər hərbçisini itirib.
Sputnik

BAKI, 2 yanvar - Sputnik. Ermənistan Qarabağda son hərbi əməliyyatlar zamanı 3330 nəfərin öldüyünü açıqlayıb. 

Sputnik Ermənistan-ın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

"Ən son məlumatlara görə, Qarabağda sentyabr ayında başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfi 3330 nəfər itki verib", - deyə Səhiyyə Nazirliyinin məlumatında bildirilir. 

Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan etiraf edib ki, sentyabrın 27-dən noyabrın 9-dək erməni tərəfi 3330 nəfər itki verib. 

"1 yanvar tarixinə 3330 cəsədin (Qarabağda öldürülənlər - red.) məhkəmə-tibbi ekspertizası aparılıb. Müharibənin başlanğıcından bəri ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün cəsədlər və qalıqlardan 1441 nümunə götürülüb, 871 nümunə araşdırma mərhələsindədir", - deyə Nikoqosyan Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, son 10 gündə 436 cəsəd ayırd edilib ki, onun da 66-sı son 10 gündə tanınıb.

"Məhkəmə-tibbi ekspertiza üzrə elmi-praktiki mərkəzin mütəxəssisləri ölənlərin cəsədlərinin araşdırılması və şəxsiyyətinin müəyyənləşdirilməsini davam etdirir", - Nikoqosyan bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi 2020-ci il dekabrın 28-də İkinci Qarabağ Müharibəsində həlak olmuş hərbi qulluqçuların siyahısını yeniləyib.

Nazirliyin açıqladığı siyahıda dekabrın 28-dək dəfn edilmiş 2823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur.
Hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

Bundan əvvəl Nazirlik 2802 şəxsin adlarını açıqlamışdı və İkinci Qarabağ Müharibəsində Azərbaycanın ümumilikdə, 2783 hərbi qulluqçusunun həlak olduğunu qeyd etmişdi.