İbrahim Həşimov, Sputnik Azərbaycan
BAKI, 1 yanvar – Sputnik. Üzümüzə gələn Öküz ilində kəskin dəyişikliklər ola bilər. Astroloq Firudin QurbansoySputnik Azərbaycan-a bildirib ki, Öküz ili gələn il martın 20-də ölkəmizə daxil olacaq. O vaxta kimi Siçan ilinin xüsusiyyətləri hökm sürəcək:
“Yanvar ayının 1-dən, bilirsiniz ki, təqvim dəyişir. Amma yeni il, inşallah, Günəşin Qoç bürcünə girməsi ilə başlayacaq. Öküz ilinin ölkəmizə qədəm basması Bakı vaxtı ilə martın 20-də 13:30-da olacaq. Yanvar ayından mart ayına qədər müddətdə Siçan ilinin təsiri olacaq. Ona görə də Siçan ilinə aid olan öncəgörmələr, yəqin ki, bu müddət ərzində özünü doğruldacaq”.
Astroloq bildirir ki, Öküz ili adətən kəskin dəyişikliklərin baş verməsi ilə seçilir. Bir sıra bürclər bu il qəfil uğur qazanacaqları halda, digərləri qəflətən uğursuzluğa düçar ola bilərlər.
“Kəskin dəyişikliklərin olacağı bir ildir. Gözlənilməz halda vəziyyət dəyişə bilir. Ona görə də həmişə ayıq-sayıq olmaq lazımdır. Həmişə tətikdə olmaq lazımdır ki, uğurları əldən verməyəsən”.
Firudin Qurbansoyun sözlərinə görə, bu ilin daha çox su və torpaq ünsürlü bürclər üçün uğurlu olacağı gözlənilir:
“Hava ünsürlərdən təkcə Dolça bürclərinin işlərində çox irəliləyişlər olacaq. Bu il onlar üçün fövqəladə illərdən biridir. Onlar istədikləri, ən çətin hesab olunan uğurları da əldə edə biləcəklər. Maddiyyat, şəxsi həyat məsələlərində də uğurlar olacaq. Amma ən çox uğur qazananlar, təbii ki, torpaq və su ünsürlü bürclərdir. Torpaq ünsürlülər bu il bəxtəvər olacaqlar”.
Öküz ili çalışqan insanlar üçün uğurlu hesab edilir.