Şahpəri Abbasova, Sıputnik Azərbaycan
BAKI, 1 yanvar — Sputnik. "Güllələnmiş heykəllər" erməni vandalizminin, vəhşi xislətinin daha bir sübutudur. Paytaxtda - Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan heykəllər sanki dilə gəlib danışır və fəryad edir. Şuşa həsrəti sanki güllələnmiş heykəlləri belə, dirildir. Yurd-yuvasından didərgin düşmüş, erməni vandalizminin qurbanı olan heykəllərin Bakıya gətirilməsi və gələcək taleyi barədə sualları cavablandırmaq üçün yollandıq Azərbaycan Milli İncəsənət Muzeyinə.
Muzeyin Elmi-kütləvi işlər şöbəsinin müdiri Rəfiqə Quliyeva "Güllələnmiş heykəllər" haqqında Sputnik Azərbaycan-a danışıb:
"Erməni vandalizminin qurbanı olan güllələnmiş heykəllərdən biri Xurşidbanu Natəvan obrazının müəllifi Əməkdar incəsənət xadimi Həyat Abdullayeva, Üzeyir Hacibəyovun və Bülbülün büstlərinin müəllifləri isə Xalq rəssamı Xanlar Əhmədov və Əməkdar rəssam Namiq Dadaşov idi. Bu irihəcmli büstlər bir zamanlar Şuşanın bəzəyi olmuşdu".
1992-ci ilin may ayının 8-də Şuşanın işğalı zamanı təkcə şuşalıların evləri yox, tarixi abidələrimiz də erməni qəsbkarlarının qurbanına çevrilib. Beynəlxalq Haaqa Konvensiyasının tələblərinə məhəl qoymayan ermənilər heykəlləri müxtəlif hissələrdən güllələyiblər. Natəvanın baş barmağı yoxdur, Üzeyir bəyin eynəyi sındırılıb, Bülbülün isə tunc alnı qabarıb. Həmin heykəllərin tunc materialına tamah salan düşmənlərimiz heykəllərdən gəlir əldə etmək məqsədilə əvvəlcə Yerevana, sonra da Gürcüstana aparıblar.
Xoşbəxtlikdən bu heykəllər Gürcüstanda yaşayan soydaşlarımızın qarşısına çıxıb:
"Gürcüstanda yaşayan həmvətənlərimiz təsadüfən bu heykəlləri görüblər. Bununla bağlı müvafiq qurumlara məlumat veriblər. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsi ilə həmin heykəllər Bakıya gətirilib. 2000-ci ildən muzeyin kolleksiyasına daxil olub".
Rəfiqə xanımın sözlərinə görə, sözügedən heykəllər xarici turistlərin diqqətini cəlb edən eksponatlar sırasındadır: "Barəsində danışdığımız heykəllər muzey ziyarətçilərinin, xüsusən xarici turistlərin diqqətini cəlb edir. Onu da qeyd edim ki, əlamətdar günlərdə - yəni, torpaqlarımızın işğal olunduqları günlərdə, Musiqi günündə dövlət rəsmiləri bu eksponatları ziyarət edirlər. Heykəllər dəzgah heykəltaraşlıq nümunəsi olmadığından açıq havada saxlanılır. Yəni, onlar binanın içində yerləşdirilə bilməz".
"Heykəllərin gələcək taleyi necə olacaq? Onlar öz yurdlarına qayıdacaqmı?" sualına muzey rəsmisinin cavabı belə oldu: "Bu qərarı biz vermirik. Heykəllərin gələcək taleyi Nazirlər Kabinetinin və Mədəniyyət Nazirliyinin qərarından asılıdır".
"Mən bir sənətşünas və vətəndaş olaraq heykəllərin bərpa olunmamasını təvəqqe edərdim. Yaxşı olar ki, heykəllər olduğu kimi qalsın. Heykəllər bərpa olunsa, biz erməni vandalizminin sübutu olan bir növ tarixi sənədi itirmiş olarıq. Yaxşı olar ki, gələn turistlər də görsünlər ki, onlar nə qədər cılız düşməndirlər. Heykəllərdən, abidələrimizdən belə qisas almağa çalışırlar", - deyə R.Quliyeva söhbətini bitirdi.