CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Füzuli sakini minaya düşərək ayaqlarını itirib

Baş Prokurorluq, DİN və ANAMA bir daha əhaliyə xəbərdarlıq edərək, xüsusi icazə olmadan işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.
Sputnik

BAKI, 1 yanvar - Sputnik. 01 yanvar 2021-ci il tarixdə səhər saatlarında Azərbaycan Respublikasının vətəndaşı 1981-ci il təvəllüdlü Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşmüb, nəticədə ağır dərəcəli bədən xəsarəti alaraq hər iki ayağı travmatik amputasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) birgə məlumatında deyilir.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

"Dövlət qurumları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşlar postlardan yayınaraq işğaldan azad olunmuş ərazilərə daxil olur və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsi riskinə məruz qalırlar. Xüsusi ilə qeyd edilməlidir ki, hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı həyata keçirilir", - birgə açıqlamada bildirilir.

Baş Prokurorluq, DİN və ANAMA bir daha əhaliyə xəbərdarlıq edərək, xüsusi icazə olmadan işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.