MƏDƏNİYYƏT

Səksənlərin "Çovqan"ı, bir yeşik arağa həll olunan kadr, nostalji Yeni il

"Ümumiyyətlə, kameradan hər kəs çəkinir. Normal həyatda bülbül kimi cəh-cəh vuran insan kameranın qarşısında karıxır. Ona görə də aparıcı gələn qonağın daxili dünyasını açmaq üçün yollar axtarmalıdır".
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 dekabr — Sputnik. "Çovqan" - ötən əsrin 80-ci illərində 7-dən 77-dək hər kəsin sevə-sevə izlədiyi verilişlərdən biri... Elə biz də bunu nəzərə alaraq həmin verilişin ssenari müəllifi və aparıcısı olan Fərhad Abdullayevlə nostalji hisslərlə ötən illərə qiyabi səyahət elədik. Fərhad müəllim 9 il davam edən verilişdən və televiziya tariximizin ən parlaq dövründən Sputnik Azərbaycan-a danışdı: "Jurnalistika fakültəsində oxuya-oxuya "İdman" və "Sport" qəzetlərində işləyirdim. 80-ci illərdə mən AzTV ilə əməkdaşlığa başladım. Kənar müəllif kimi verilişə ssenarilər yazırdım. Əslində heç fikrim də yox idi televiziyaya gəlməyə. Həmin vaxt İdman proqramları şöbə idi, Elşad Quliyev onu İdman proqramları baş redaksiyası etdi. Elşad müəllim mənim "saqqızımı oğurladı". Və mən İdman proqramlarının baş redaksiyasında şöbə müdiri oldum. 1981-ci ildə "Çovğan" proqramını yaratdıq".

Jurnalist deyir ki, "Çovqan" onun gedişi ilə bağlanıb: "1981-ci ildə Yeni il üçün hazırlamışdıq o verilişi. Sonradan Elşad müəllim dedi ki, davamı gəlsin. Əyləncəli idman proqramı ayda 1 dəfə efirə getdi. O proqramın mahiyyəti ondan ibarət idi ki, idmançıları təkcə idmançı kimi göstərməyək, onların daxili aləmlərini, başlarına gələn maraqlı hadisələri tamaşaçılarla bölüşək. Həmin proqrama müğənniləri də dəvət edirdik. Brilliant Dadaşova müsahibələrində dəfələrlə deyib ki, mən ilk dəfə efirə "Çovqan" proqramı ilə çıxmışam. Veriliş 1989-cu ilə qədər davam elədi. Sonra mən televiziyadan getdim və veriliş bağlandı".

Səksənlərin "Çovqan"ı, bir yeşik arağa həll olunan kadr, nostalji Yeni il

Həmsöhbətimiz bu proqram ilə bir çox yeniliklərə imza atdığını söyləyir: "1984-cü ildə ilk dəfə qatarda Yeni il proqramını çəkdik - "Çovqan qatarı yeni ilə gedir". Simvolik idi. Həmin verilişdən sonra "Səhər görüşləri" proqramı var idi, onlar da gəmidə çəkiliş etmişdilər. Getdik Dəmiryol darəsi ilə danışdıq, bir vaqon ayırdılar, onu əlavə xəttə qoydular. Qatar effekti olsun deyə bir dənə teplovoz qoşdular ona. O bizi Keşləyə qədər sürüİrdü, sonra geri qaytarırdı. Qayda belə idi, ənənəvi olaraq hər il dekabrın 30-da "Çovqan"ın Yeni il buraxılışı olurdu. 31-i isə "Mavi işıq" proqramı olurdu".

Müsahibimiz peşəsinin çətinliklərindən də bəhs etdi: "2 dəfə təyyarənin baqajında uçmuşam. O dövrdə çox çətin idi. Hansısa ölkədə yarış olacaqdısa biz də gedirdik. O vaxt hər şey lentə yazılırdı. Məsələn, "Nefçi" "Dinamo" (Minsk) ilə oynamışdı. Qalib gəlmişdi. Mən həmin materialı səhər çatdırmalı idim ki, axşam efirə getsin. Bilet də yoxdur. Hava limanına gəldim, kimə yaxınlaşdım, dedi, bilet yoxdur. Aeroportun polis şöbəsinin rəisinə yaxınlaşdım, sənədimi göstərdim. Məni oturtdular baqaj hissəsinə. Stüardessa mənə kürk və spirt gətirdi ki, burada -10 dərəcə şaxta olur. Kürkü geyinib oturdum".

Peşəkar televiziya işçisi indiki verilişlərin keyfiyyətindən narazıdır: "O vaxt verilişin içində mütləq süjet olurdu. İndi 2-3 nəfəri çağırırlar, onlar danışır. Veriliş ancaq söhbətdən ibarət olur. Televiziya verilişləri radiolaşıb. O vaxt qayda belə idi ki, veriliş o vaxt efirə gedə bilər ki, içində süjet olsun. İndiki gənc həmkarlarıma da irad tuturam. Deyirəm, biz belə veriliş hazırlamırdıq. Biz bir süjet üçün 10 dəfə obyektə gedirdik, insanlarla danışırdıq. Müsahibi hazırlayırdıq. Televiziyanın radiodan fərqi olmalıdır. Televiziyada görüntü olmalıdır".

Səksənlərin "Çovqan"ı, bir yeşik arağa həll olunan kadr, nostalji Yeni il

"Bütün bunlar ona görə baş verir ki, televiziyaya naşı adamlar gəldi" deyir qəhrəmanımız: "Mən işlədiyim dövrdə və məndən əvvəl peşəkar insanlar çalışırdılar. O peşəkarları dağıtdılar, pərən-pərən düşdülər. Adi jurnalist qısa zaman ərzində püxtələşə bilər. Amma televiziya jurnalistinin formalaşmasına illər lazımdır, zəhmət lazımdır. Niyə? Televiziya jurnalisti verilişin ssenarisini yazanda rejissor kimi düşünməlidir. Görüntünü də, səsi də düşünməlidir. Məsələn, Elşad Quliyev televiziyada işıqçılıqdan başlamışdı. Ona görə də onu aldatmaq mümkün deyildi. Amma indi verilişlərə əziyyət çəkmirlər. Hər şey var indi, çox maraqlı proqramlar ərsəyə gətirmək olar, amma özlərini əziyyətə salmaq istəmirlər".

"O vaxt belə idi ki, musiqi redaksiyası müğənnilərin adı olan siyahını təqdim edirdi ki, biz filan müğənniləri məsləhət görürük. Yəni biz kimi istəsək, onu dəvət edə bilməzdik. Deməli, orada yazılıb Aybəniz Haşımova. Mən də zəng elədim Aybəniz xanıma. Dedilər ki, Aybəniz xanım xəstəxanadadır, əməliyyat olunub. Veriliş nə vaxt çəkiləcək, hələ montaj da olmalır. İşdən çıxanda bir dəstə gül də alıb getdim Aybəniz xanımı görməyə. Xəstəxanada da demişdilər ki, "Aybəniz xanım, yoldaşınız sizi görməyə gəlib". O da şok olub ki, necə yəni yoldaş, yoldaş kimdir? Mən daxil oldum palataya, dedim, Aybəniz xanım, sizi çəkməliyik. Dedi, mən hələ 2-3 gün yatmalıyam. İki gündən sonra yazığı birtəhər maşına mindirib gətirdik studiyaya. Hər tərəfini gül-çiçəklə bəzədik ki, kənardan hiss olunmasın. Çətinliklə də olsa verilişi hazır elədik".
Səksənlərin "Çovqan"ı, bir yeşik arağa həll olunan kadr, nostalji Yeni il

Müsahibimiz deyir ki, indiki verilişlərin, bayram proqramlarının dadı-duzu ona görə yoxdur ki, ona əziyyət çəkmirlər: "Bir dəfə hətta təklif elədim ki, yaşlı nəslin jurnalistlərini toplayaq. Bu adamlar maaş istəmirlər. Ancaq texnika istəyirlər. Biz ayrıca proyektlər edək. Dedim ki, dövlət televiziyası bizə ancaq texnika versin. Çünki mənim layihələrim var, təqdim elədim, dedilər: "əla, möhtəşəm! Bəs sponsorunuz var?" Dedim, yox. Dedim, mən gedib kimə deyə bilərəm ki, mənə pul ver, mən veriliş çəkəcəm? Desəm, deyəcək, mənim şirkətimi reklam elə. Bunu da mən istəmərəm. Təəssüf ki, Elşad müəllim də televiziyadan gedəndən sonra televiziyanın dəyərini anlamayan insanlar gəldilər. Elə bu səbəbdən o arxivlər qalmayıb. SSRİ-nin məşhur Olimpiya çempionlarını, məşhur idmançılarını və onların ailə üzvlərini çəkmişdik. Bu bir tarix idi. Təəssüf ki, heç nə qalmayıb".

F.Abdullayev başına gələn kuryoz hadisələrdən də danışdı: "O qədər olub ki... Gedirdik rayona, çəkirdik, gətirirdik, lenti verirdik laboratoriyaya aşkarlamağa, lent yanırdı. Əziyyət çəkib çəkiliş edirdik, yanırdı, gəl indi vəziyyətdən çıx. "Neftçi"nin məşhur vaxtları idi. Fuad Musayev də Bakı şəhər Partiya komitəsinin 1-ci katibi idi, həm də "Neftçi"nin kuratoru idi. Elə oldu ki, həmin gün rəsmi verilişlər getdi efirə.

"İdman həftəsi" həftəlik proqramı həftədə 1 gün gedirdi, həmin gün o verilişi gecə saat 3-ə saldılar. Mənim də verilişimin redaktoru məşhur qapıçı, idman veteranı Çingiz İsmayılov idi. "Neftçi" də uduzmuşdu. Çingiz də dedi ki, gecə saat 3-də onsuz da Fuad Musayev baxmayacaq. Gəl mən "Nefçi"nin qabırğasına döşəyim. Mən də razılaşdım. Dedim, əşşi, gecə saat 3-də Fuad Musayev durub verilişə baxmayacaq ki. Veriliş efirə getdi, özü də canlı idi. Səhər saat 9-da evə zəng gəldi. Dedilər, Elşad Quliyev səni axtarır, təcili gəl. Bizi ağ yuyub, qara sərdi ki, siz bilirsiniz ki, Fuad Musayev bu komandanı hər şeydən çox sevir, niyə belə tənqid eləmisiz?

Televiziya işçilərinin dilində hərdən belə bir zarafat olur: "əşşi, onsuz da baxan yoxdur". Baxan var, hər verilişin tamaşaçısı var. Heç bizim ağlımıza da gəlməzdi ki, o, saat 3-də durub verilişə baxar".

Səksənlərin "Çovqan"ı, bir yeşik arağa həll olunan kadr, nostalji Yeni il

F.Abdullayev bildirir ki, aparıcı müsahibinin daxili dünyasını açmaq üçün bütün vasitələrdən istifadə etməyi bacarmalıdr: "Ümumiyyətlə, kameradan hər kəs çəkinir. Normal həyatda bülbül kimi cəh-cəh vuran insan kameranın qarşısında karıxır. Ona görə də aparıcı gələn qonağın daxili dünyasını açmaq üçün yollar axtarmalıdır. Sizə bir misal çəkim. "O olmasın, bu olsun" filmindəki qonaqlıq səhnəsini üç dubla çəkiblər, görüblər, alınmır. Sonra bir yeşik araq gətirib, aktorların hamısını içirib, bir dubla çəkiblər. Aktyorların hamısı orada sərxoşdur. O, həqiqətən, davadır. Kimin kiminlə nə ədavəti vardısa, orada üzə çıxıb. Çünki aktyorlar ömür boyu bir-biri ilə ədavətli olublar. Bax elə ona görə də o səhnə təbii alınıb. Rejissor axtarıb tapıb və nəticədə çox maraqlı bir səhnə ərsəyə gəlib".