BAKI, 31 dekabr - Sputnik. Mayın sonlarında afroamerikalı Corc Floydun öldürülməsi ilə kütləvi etiraz və iğtişaşların başladığı Minneapolisdə yenə qətl olub - polis gülləsi alan kişi həlak olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə yerli Star Tribune qəzeti yazıb.
Bildirilir ki, polislər çərşənbə günü axşam avtomobili yoxlamaq üçün sürücünü daandırmağa çalışdıqlarını, sürücünün isə onlara atəş açdığını deyiblər. Polislərdən birinin açdığı cavab atəşindən sürücü həlak olub, avtomobildəki qadın isə xəsarət almayıb.
Nəşr yazır ki, çərşənbə günü axşam hadisə yerinə 100-dək etirazçı gəlib. Onlar polislərə qartopu və söyüşlər yağdırıblar.
Yerli polis rəisi Medaria Arradondo mümkün qədər tez bir zamanda polisin üzərində olan kameradakı görüntüləri ictimailəşdirməyə söz verib, yerli sakinləri sakitləşməyə və polislərə araşdırma aparmağa şərait yaratmağa səsləyib.
"Bir polis rəhbəri olaraq şəhərimizin uğradığı travmanı dərk edirəm, sülhün qorunması üçün biz əlimizdən gələni etməyə hazırıq... Şəhərimizin başına çox iş gəldi. Bizim zabitlərimizin təhlükəsizliyini, cəmiyyətimizin təhlükəsizliyini qorumalıyıq, hətta sizə deyirəm ki, bu cinayət yerini də qorumalıyıq", - Arradondo söyləyib.
Polis həlak olanın şəxsiyyətini açıqlamayıb. Həmçinin onun afroamerikalı olub-olmaması da bəlli deyil. Atışmada neçə polisin iştirak etdiyi də açıqlanmır.
Qeyd edək ki, mayın sonlarında ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində yerli sakin Corc Floyd saxta əskinasla alver etdiyi şübhəsi ilə həbs olunarkən ona qarşı polis zor tətbiq edib. Zabitin dizi altında sıxılan Floyd bir neçə dəfə boğulduğunu, nəfəs aldığını desə də, polislər ona məhəl qoymayıblar. Nəhayətdə xəstəxanaya çatdırılan afroamerikalı orada dünyasını dəyişib. Onun qətlindən sonra ABŞ-ın onlarla şəhərində, eləcə də dünyanın müxtəlif bölgələrində polis zorakılığı və irqçiliyə qarşı nümayişlər, iğtişaşlar başlanıb.