İQTİSADİYYAT

Avropalıların canı Azərbaycan qazı ilə qızınacaq - birbaşa nəql başlandı

Bu gün Xəzər qazının Avropaya nəqlinə başlanması həm də Amerika Birləşmiş Ştatları, Böyük Britaniya hökumətləri və Avropa İttifaqının Cənub Qaz Dəhlizinə davamlı yüksək dəstəyinin məntiqi nəticəsidir
Sputnik

BAKI, 31 dekabr - Sputnik. Azərbaycanın kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünün başlanması ilə Cənub Qaz Dəhlizinin strateji məqsədinə nail olundu.

SOCAR-la "Azəriqaz"ın əlaqələrini başqa bir şirkət quracaq

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, bu qlobal enerji təhlükəsizliyi layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək siyasi iradəsinin və qətiyyətli enerji siyasətinin töhfəsidir. “Şahdəniz Mərhələ 2” üzrə hasil edilmiş təbii qazın avropalı istehlakçılara çatdırılması bir daha göstərir ki, Prezident İlham Əliyevin irəli sürdüyü bütün təşəbbüslər əzmlə reallığa çevrilir. Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyi olan “Şahdəniz” yatağından hasil edilmiş təbii qazın Türkiyə bazarına 2018-ci ilin iyunun 30-dan TANAP ilə nəqlinin ardınca, ilk dəfə Avropa bazarına daxil olması Azərbaycanın qaz ölkəsi kimi inkişafında yeni səhifə açır. Enerji təhlükəsizliyi layihələri Azərbaycanın liderliyi ilə qətiyyətlə həyata keçirilir. Ölkəmiz Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə əldə edilmiş nailiyyətlərin nümunəsində öhdəliklərinə yüksək səviyyədə sadiqliyini və enerji sahəsində etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.

"Avropaya təbii qazın nəqli tədarük bazarlarını şaxələndirməklə istehsalçı kimi ölkəmizin, mənbə və marşrutları diversifikasiya etməklə isə istehlakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək. 25 il ərzində Avropa ölkələrinə tədarük ediləcək illik 10 milyard kubmetrdən çox qaz həcminin 8 milyard kubmetri İtaliyaya, 2 milyard kubmetri bərabər şəkildə Yunanıstan və Bolqarıstana, qalan hissəsi isə ətraf bazarlara ixrac olunacaq. Avropanın cənubunun yeni mənbədən qazla təchiz edilməsi istehlakçıların daha münasib şərtlərlə enerji ilə təminatına, dekarbonizasiyaya töhfə verməklə bərabər, qitənin Xəzər regionu ilə birləşdirilməsinə də xidmət edir.  

"Azəriqaz"dan əhaliyə bayram xəbərdarlığı

Bu gün Xəzər qazının Avropaya nəqlinə başlanması həm də tərəfdaş ölkələr, şirkətlər, beynəlxalq maliyyə institutları ilə nümunəvi əməkdaşlığın, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya hökumətləri və Avropa İttifaqının Cənub Qaz Dəhlizinə davamlı yüksək dəstəyinin məntiqi nəticəsidir.

Qarşılıqlı faydalı çoxtərəfli əməkdaşlığı ehtiva edən Cənub Qaz Dəhlizi layihəsi üzrə növbəti bu birgə uğurumuz qlobal enerji təhlükəsizliyi sistemini möhkəmləndirəcək tarixi hadisədir, - məlumatda vurğulanır.