QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağstafa qəhrəmanını qarşıladı: "Mənim dərmanım övladım imiş" - FOTO

"Bu gün sevinirəm ki, Qarabağımız azaddır. Qarabağ problemi, münaqişəsi yoxdur. Şuşamız azaddır. Qarabağ Azərbaycanındır" - Amin Musayev
Sputnik

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 31 dekabr — Sputnik. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə yaralanaraq əsir düşən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Ağstafa şəhər sakini Amin Musayev doğma evinə qayıdıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Amin doğma şəhərində əsl qəhrəman kimi qarşılanıb.

Amin Musayev səhhətinin yaxşı olduğunu bildirib. Evinə dönməyi üçün göstərilən köməyə görə ölkə başçısına təşəkkür edib.

"Bu gün Vətənimə qayıtmağıma görə cənab Prezident, Ali Baş Komandanımıza və Birinci vitse-prezidentimizə böyük minnətdarlıq və təşəkkürmü bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyir, analarının əllərindən öpürəm, qarşılarında baş əyirəm. Qazilərimizə cansağlığı arzulayıram. Bu gün sevinirəm ki, Qarabağımız azaddır. Qarabağ problemi, münaqişəsi yoxdur. Şuşamız azaddır. Qarabağ Azərbaycanındır”, - deyə fikirlərini bölüşüb.

Aminin anası Hicran Sadıqova Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə yeganə övladına qovuşduğu üçün xoşbəxt olduğunu söyləyib.

"Belə başa düşdüm ki, mənim dərmanım övladım imiş. Ona görə ki, o mənim yeganə övladımdır”, - deyə bildirib. 

Qeyd edək ki, Amin Musayev Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsi zamanı Şuşa ətrafında yaralı vəziyyətdə erməni silahlı bölmələri tərəfindən əsir götürülmüşdü. Dekabrın 14-də Amin digər səkkiz vətəndaşımızla birlikdə erməni əsirliyindən azad edilərək Bakıya gətirilmiş və orada həkim nəzarəti altında saxlanmışdı.