SƏHİYYƏ

"Bərəkət" peyvəndi də gəldi

İranda dünəndən etibarən rəsmi adı "COVIRAN Bereket" olan milli peyvəndin könüllülər üzərində sınaqdan keçirilməsinə başlanılıb
Sputnik

BAKI, 30 dekabr — Sputnik. Artıq İran da koronavirusa qarşı öz peyvəndini hazırlayan ölkələrin cərgəsinə qoşulub. Qonşumuz milli peyvəndinə maraqlı ad da tapıb. Sputnik Azərbaycan CNN TÜRK-ə istinadla xəbər verir ki, İranda dünəndən etibarən rəsmi adı "COVIRAN Bereket" olan milli peyvəndin könüllülər üzərində sınaqdan keçirilməsinə başlanılıb.

"Şəfa Farmed" şirkətinə məxsus milli peyvənd preparatı İranın səhiyyə naziri Səid Neməki və hökumətin bir sıra səlahiyyətli şəxslərinin iştirak etdiyi mərasimdə könüllülərə inyeksiya yolu ilə yeridilib.

"İmam Xomeyninin Təlimatlarının İcrası Agentliyi" adlı mərkəzin maliyyə dəstəyi ilə hazırlanan peyvənd ilk dəfə bu mərkəz rəhbərinin qızının üzərində sınaqdan keçirilib.

Mərasimdə nazir Səid Neməki bildirib: "İran xalqında bu peyvəndə inam yaratmaq üçün onu ilk dəfə məhz bu preparatın işlənib hazırlanmasına kömək etmiş qurumun rəhbərinin qızına vururuq. Bu gün xalqımız üçün ümidverici gün oldu".

Qeyd edək ki, İranda artıq 65 min insan könüllü şəkildə "Bərəkət" preparatı ilə vaksinasiyaya hazır olduğunu bildirib.