Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 30 dekabr — Sputnik. Altı ildir ki, erməni girovluğunda qalan Dilqəm Əsgərov ailəsinə qovuşub. Bu barədə Sputnik Azərbaycan-a Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. O bildirib ki, atası artıq ailəsinin yanındadır: "Sevincimizin həddi-hüdudu yoxdur. Hisslərimizi sözlə ifadə etmək çətindir. Kədər göz yaşlarımızı sevinc göz yaşları əvəzləyib. Bu işdə bizim ailəmizə dəstək olan hər kəsə minnətdaram. Ən böyük minnətdarlıq isə Azərbaycanın Prezidenti, cənab Ali Baş Komandanımıza düşür. İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız qələbə sayəsində atam və digər əsir və girovlar ailələrinə qovuşacaqlar. Buna görə prezidentimiz İlham Əliyevə sonsuz minnətdaram".
Xatırladaq ki, 2014-cü ildən erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov dekabrın 15-də günorta saatlarında təyyarə ilə Bakıya gətiriliblər. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra onlar ailələrinə qaytarılırlar. Digər əsir və girovların da Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik bayramını evlərində qarşılayacağı bildirilir.