BAKI, 29 dekabr — Sputnik. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycana gətiriləcək vaksin və onun şprisləri 2 il müddətində əlavə dəyər vergisindən azad olunacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı 2021-ci il yanvarın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilir.
Deputatlar bu dəyişikliyi təqdirəlayiq hesab ediblər. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.