Hamı bölgələrə getmək istəyir, 2538 avtomobil geri qaytarılıb

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamaları, zərurət olmadan yaşayış yerlərini tərk etməmələri xahiş olunur.
Sputnik

BAKI, 29 dekabr — Sputnik. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, 2020-ci ilin dekabrın 28-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2538 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2365 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamaları, zərurət olmadan yaşayış yerlərini tərk etməmələri xahiş olunur.