TƏHLİL

"Kalibr"lərə amerikansayağı cavab: Yeni "Tomahawk"lar nəyə qadirdir

ABŞ 2025-ci ilə kimi uzaq məsafədəki suüstü hədəfləri məhv etməyə qadir 850 raket almağı planlaşdırır. Halbuki son vaxtlara qədər Amerika dənizçilərinin silah arsenalına yalnız 1970-ci illərdə işlənib-hazırlanmış gəmi əleyhinə "Harpunlar" daxil idi.
Sputnik

BAKI, 28 dekabr — Sputnik, Andrey Kots. Daha uzağa uçmaq, daha ağır zərbə endirmək, müqavimətə məhəl qoymamaq – Amerikalılar "Tomahawk" qanadlı raketinin yeni modifikasiyası olan "Block V"-ni sınaqdan keçirib. ""Chafee" eskadra-mina gəmisi Sakit Okeanda, Havay adaları yaxınlığında dəniz poliqonundakı hədəfə atəş açıb. ABŞ Hərbi Dəniz Qüvvələri bu hadisə barədə qısaca məlumat verməklə kifayətlənib: iş uğurla tamamlandı. "Block V" haqqında bilinənlər və Rusiya "Kalibrlər"inin onların fonunda necə göründüyü barədə - "RİA Novosti"nin növbəti məqaləsində.

İki variant

Pentaqon "Block V"-nin inkişaf etdirilməsinə son zamanlar Çinin hərbi-dəniz potensialının sürətlə gücləndirilməsi ilə bəraət qazandırır. Həqiqətən də, ÇXR son vaxtlar sürətlə nəhəng suüstü gəmiləri və sualtı qayıqlar inşa edir, onların silahlandırılmasını artırır və gövdə sistemlərini fəal şəkildə inkişaf etdirir. Amerikalılar Sakit okeanlardakı üstünlüklərini itirməkdən çox qorxurlar - mütəxəssislərin fikrincə, 2035-ci ilədək bu nəhəng su hövzəsində Çinin 420 vımpeli olacaq.

Beləliklə, Pentaqon gəmi əleyhinə silahların sifarişini artırıb. ABŞ 2025-ci ilə kimi uzaq məsafədəki suüstü hədəfləri məhv etməyə qadir 850 raket almağı planlaşdırır. Halbuki son vaxtlara qədər Amerika dənizçilərinin silah arsenalına yalnız 1970-ci illərdə işlənib-hazırlanmış 280 kilometr mənzilli gəmi əleyhinə "Harpunlar" daxil idi. Bununla belə, 2018-ci ildə Hərbi Dəniz Qüvvələri 900 kilometrə qədər məsafədə dəniz hədəflərini vurma qabiliyyətinə malik səsdən sürətli AGM-158C LRASM sistemlərini əldə etmişdi.

Hələlik yeni silahın kütləvi istehsalına başlanılmayıb. Buna görə də Pentaqon LRASM sisteminin istehsalına paralel şəkildə həm də "Tomahawk"lara gəmi əleyhinə xüsusiyyətlərini qaytarmaq qərarına gəlib. Qeyd edək ki, raket bu xüsusiyyətlərdən 1990-cı illərin ortalarında "Block II" variantının silahlanmaya qəbulundan sonra məhrum olmuşdu.

Artıq məlumdur ki, dördüncü nəslin bütün mövcud "Tomahawk"larını "Block V"-yə çevirmək planlaşdırılır.

İlk versiya "Block Va" təsnifatına aiddir, ondan gəmi və sualtı qayıqlarda suüstü hədəflərə qarşı istifadə ediləcək. Bu versiya MST (Maritime Strike Tomahawk) adlandırılır. Mütəxəssislərin fikrincə, bu sistem aktiv və passiv radar, termal tuşlama kanalları, həmçinin güclü məlumat prosessoru və yeni sabit tuşlama blokunu özündə birləşdirəcək. Beləliklə, bu "Tomahawk"ın 1600 kilometrə qədər məsafədə hərəkət edən suüstü hədəfləri vura biləcəyi gözlənilir.

Bundan başqa, "Block Vb" də mövcuddur ki, o da yerüstü hədəflərə zərbə endirən klassik "Tomahawk"dır. O, "Joint Multiple Effects Warhead System" (JMEWS) döyüş bölməsinə sahibdir. Partlayıcı qurğu proqramlaşdırılmış, çoxməqsədlidir, döyüş başlığını havada partlatmağa qadirdir. Bu raket həm möhkəmləndirilmiş yeraltı bunkerləri, həm də adi hərbi hədəfləri nişan alır.

Beş səbəb

"Defence News" internet portalının mütəxəssisləri "Tomahawk"ın niyə bu gün belə – yəni, hipersəsli və səsdən sürətli silahlar dövründə də aktual olduğunu izah ediblər. Birincisi, "Block V" sələflərindən daha dəqiqdir və onun mənzili Çinin DF-26 və DF-21 raketlərinin Asiya-Sakit okean bölgəsində təsirli şəkildə dəf edilməsi üçün kifayət edir. İkincisi, modifikasiya olunmuş "Tomahawk" radioaktiv silahlardan müdafiə qabiliyyəti ilə təchiz olunub və daha az nəzərə çarpır. Üçüncüsü, raketin səsdən aşağı sürəti ona daha sürətli rəqiblərindən üstün olmaq imkanı verir. "Tomahawk"ın beşinci versiyası yanacaq sərfiyyatı baxımından daha qənaətcildir, buna görə effektiv fəaliyyət məsafəsi daha uzundur. Dördüncüsü, bu raket nisbətən ucuzdur. Belə ki, "Block V"-nin bir buraxılışı vergi ödəyicilərinə 1 milyon dollara başa gələcək. Məsələn, SM-6 səsdən sürətli gəmi-hava raketi bundan dörd dəfə bahadır.

Və nəhayət, ölçülərinə görə "Block V" öz sələflərindən fərqlənmir ki, bu da onun "Arlie Burke" eskadra mina gəmisi və "Tikonderoq" kreyserlərinin təchiz olunduğu köhnə Mk41 şaquli buraxılış bölmələrində istifadəsinə imkan verir.

Bundan başqa, "Los Angeles", "Ohio", "Virginia" və "Seawolf" kimi nüvə enerjili sualtı qayıqlarının dizaynında heç bir dəyişiklik edilmədən bu raketləri ata biləcəklər. "Tomahawk" "Block V"-nin hər iki versiyasının 2023-cü ilə qədər kütləvi istehsalına başlanılması gözlənilir.

Əsas rəqib

Amerika "Tomahawk"ının ən yaxın analoqu Rusiyanın ilk dəfə 2015-ci ilin payızında döyüş şəraitində sınaqdan keçirdiyi "Kalibr" qanadlı raketləri hesab olunur. Hərbi Dəniz Donanmasının gəmiləri eyni vaxtda ən son silahlarla Suriyadakı 26 terror hədəfinə hücum etdi və demək olar ki, onların hamısını məhv etdi. Bu raketlər 22350 və 11356 layihələrinin freqatları, 20385 layihəsinin korvetləri, 21631 və 22800 layihələrinin kiçik raket gəmiləri, 885, 636.3, 677, 971 və 877 layihələrinin sualtı qayıqları ilə təchiz olunmuşdu.

"Kalibr" raketlərinin dəqiq xarakteristikası məlum deyil. Bununla belə, 19 oktyabr 2017-ci il tarixində "Valday" klubunda çıxış edən Vladimir Putin bildirdi ki, dəniz bazalı bir raketin yerüstü hədəfə qədər olan məsafəsi 1400 kilometrə bərabərdir. Bu isə yeni "Tomahawk"la müqayisə edilə bilər. Yerüstü hədəflərə atəş açma uzaqlığı 2-2600 kilometr arasında dəyişir. Özü də bu, ən yüksək hədd deyil.

2018-ci ilin yanvarında bəzi KİV-lər Müdafiə Nazirliyindəki mənbələrə istinadla Rusiyanın modernləşdirilmiş gəmi əsaslı 4,5 min kilometrdən çox atış məsafəsinə malik "Kalibr-M" qanadlı raket yaratdığını bildirmişdi. Bu raketin öz sələflərindən daha böyük, döyüş başlığının ağırlığının isə bir tona yaxın olacağı qeyd edilirdi. Bildirilmişdi ki, raket həm adi, həm də nüvə başlıqlarını daşıya biləcək.

Mövcud məlumatlara əsasən, "Kalibr-M" taktiki və texniki xüsusiyyətlərinə görə Amerikanın yeni "Tomahawk"larını üstələyəcək. Ancaq amerikalılar qanadlı raket daşıyıcılarının sayı baxımından mübahisəsiz üstünlüyə malikdir. ABŞ Hərbi Dəniz Donanmasının çox sayda həssas silahla silahlanmış yüzdən artıq suüstü və sualtı vımpeli var. Rusiyanın isə hazırda belə gəmilərinin sayı 20-dən bir qədər artıqdır.