QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dəhşət və vəhşətin içərisində göylərə ucalan sevgi nəğməsi

Əzizbəy Muradov: Hər döyüşə girəndə sevdiyim qızı düşünüb irəli atılmışam. İnsan sevdiyini heç zaman unuda bilməz.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. Sanki iki əks qütb var - müharibə və nəğmə. Hər zaman nəğmələr müharibələrə meydan oxuyub.

Müharibə, dağıntıların nəğmə səsi ilə vəhdəti, sanki məşhur "Pianoçu" filmindən bir fraqmenti bizə xatırladırdı. Artıq günlərdir ki, sosial şəbəkələrdə əli qara əlcəkli, hərbi geyimdə olan, üzünü görmədiyimiz qəhrəmanımızın "İncəbellim" ifası qələbə xəbərindən sonra sanki 28 il öncə Şuşada dodaqlarda susan nəğməni yenidən dilə gətirdi. Şuşada azərbaycanlılara məxsus, dağılmış evdən kökdən düşmüş vəziyyətdə tapılan bu pianino Şuşanı yenidən cuşa gətirdi.

Bir neçə gündür ki, artıq sosial şəbəkələr Qarabağın azadlığı uğrunda II Qarabağ Müharibəsində savaşan igid əsgərimizdən danışır. Sputnik Azərbaycan olaraq qəhrəmanımız Muradov Əzizbəy Etibar oğlunu daha da yaxından tanımaq üçün hazırda onun olduğu ərazi, doğma Şuşamızla yenidən bağlantı qurduq, bu pianinonun tarixçəsi, eyni zamanda da bu gözəl ifanın da tarixçəsi haqda danışdıq.

Dəhşət və vəhşətin içərisində göylərə ucalan sevgi nəğməsi

- Biz sənin simanı görmədən qara əlcəkli əllərinlə, hərbi formada, dağılmış bir evdə müharibədən sonra pianinodakı ifanla tanıdıq. Üzünü görmədiyimiz bu qəhrəmanımızı bir qədər də yaxından tanıyaq.

- 1998-ci ildə Sabirabadda doğulmuşam. Uşaqlıqdan musiqiyə marağım olub, Məktəb illərində qarmonu peşəkarcasına öyrənmək üçün dərslərə yazılmışdım, Sonradan sənədlərimi toplayaraq Mədəniyyət və İncəsənət Universitetinə verdim, balım çatmadığından hərbi xidmətə yollandım. Naxçıvanda xidməti vəzifəmi yerinə yetirdikdən sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum, hazırda isə adıçəkilən təhsil ocağının üçüncü kurs tələbəsiyəm, qarmon ixtisası üzrə təhsil alıram. Atam Etibar Muradov I Qarabağ Müharibəsində Füzulidə yaralanaraq qazi olmuşdu. İyulun 18-də könüllü olaraq müraciət etdim, müharibə başlayar-başlamaz təhsilimi yarımçıq qoyaraq döyüşə yollandım. Müharibəyə getməyimə gəldikdə isə, bu haqda evdə heç kimə heç nə deməmişdim. Bu ilin 18 iyulunda könüllü qeydiyyatdan keçmişdim, sentyabrın 27-də müharibə başlayan kimi mənə çağrış gəldi, beləcə müharibəyə yollandım.

- Sizin üçün müharibə nə idi?

- Müharibə mənim yaşamadığım, görmədiyim, içində özünü hiss etmədiyim bir şey idi. Amma artıq bu gənc yaşımda müharibə dəhşətinin nə olduğunu başa düşdüm, burada hər şey kinolardakından daha fərqli idi, Burada həyatın əsl üzünü görmüşdüm. Hisslər qarmaqarışıq idi. Qalibiyyət hissi isə hər şeydən daha üstün idi. Ən böyük dəhşət elə ilk dəfə müharibədə olmağım idi. Başının üstündən güllələr atılır, yanında bombalar partlayır, dəhşətli mənzərələrin şahidi olursan. Amma bununla belə biz döyüşə mahnı ifa edə-edə qatılmışdıq. "Qarabağ Azərbaycandır!" şüarları səsləndirirdik. Lakin bəzən atışma səsləri bu mahnıların dodaqlarda susmasına səbəb olurdu, şəhidlərimiz olurdu. Birbaşa olaraq ölümlə üz-üzə dayanıb əzrayıla meydan oxuyurduq. Hər saniyə ölüm qoxusu yanımızdan keçirdi. Günlərlə yuxusuz, susuz, yeməksiz də qalırdıq.

Dəhşət və vəhşətin içərisində göylərə ucalan sevgi nəğməsi

- Hisslərinizdə nəsə bir dəyişiklik oldumu?

- Hər zaman mehriban biri olmuşam. Müharibə məni insanlara qarşı daha mehriban olmağı, həyatın qədrini bilməyi, hər şeyi bağışlamağı öyrətdi. Arzumuz sağ-salamat qayıtmaq idi. Yanımızda elə igidlər vardı ki, indi onlar həyatda deyillər. Onlar da ibadət edirdilər, sağ qayıtmağı arzulayırdılar. Bir döyüşçü yoldaşımız vardı, Royal Məmmədov, Şirvan şəhərindən idi. Onun ölümü bizi çox sarsıtdı, o həm də bizim dəstənin ilk itkisi idi. Amma bu müharibə idi, qanların donduğu bir müharibə, hər qarış torpağını qanla aldığımız müharibə idi. Bu torpaqların hər qarışında bizim əsgərlərin, igidlərin qanları var. Artıq gözümüz qapalı idi, hislərə qapılmırdıq, gözüyumlu belə irəli gedirdik. Bir hədəfimiz vardı, o da torpaqlarımızın geri qayıtması idi. Qubadlının son kəndi vardı, biz "Allahu-Əkbər" deyən kimi onlar dəhşətə gəlib qaçdılar, silahlarını atıb getdilər.

- Müharibə, dağıntı və müsiqinin vəhdəti. Bütün bu hadisələrin fonunda bir nəğmə eşitmək, bir bəstəni çalmaq da fərqli bir hiss olar... İstərdim bizə bu vəhdəti təqdim edəsiniz.

- İlk dəfə Qubadlı rayonunda ikən qarmon tapdım. Xatırlayıram. Onda uşaqlardan birinin ad günü idi. Hər şey təsadüfən oldu. Uşaqların xahişi ilə “Qarabağ şikəstəsi”ni pianinoda ifa etdim. Amma videoya çəkilməyimdən belə xəbərim yox idi. Sonra Şuşaya gəldik. Mən hər zaman rəsm və musiqi xəstəsi olmuşam. Bu evlərdə ancaq rəsm və musiqi alətləri axtarıram. Hər girdiyim evdə gözüm ancaq onları axtarır. Bu alətləri qırıq vəziyyətdə görəndə çox pis olurdum. Deyirdim axı, bu mühariəbinin musiqiyə, dilsiz-ağızsız alətə nə aidiyyəti var. Müharibə bitəndən sonra, bir müddət öncə Şuşada hazırda qaldığımız evlərdən birinə qonşu evdə pianino tapdıqdan sonra elə bildim ki, həyata yenidən gəldim, yeni həyata başladım. Hər gün o evə gedib pioninoya baş çəkirəm, bir neçə saat ifa edirəm, elə də olur ki, səhərdən axşamadək bu pianinoda ifa edirəm.

Dəhşət və vəhşətin içərisində göylərə ucalan sevgi nəğməsi

- Qayıdarkən onu aparmağı necə, istəyirsiniz?

- Evdə pianinom var. Amma bu pianinonu gətirmək istəmirəm, çünki məncə onun əsl sahibi onu tapacaq. Bu pianino illər öncə buranı tərk edən şuşalılara aidddir. İstəyərəm ki, o əsl sahibinə qayıtsın. Çünki o videodan sonra pianino ilə maraqlananlar da oldu. Elə bu evlər bizim köhnədən qalan evlərimiz idi, bizə doğma idi.

- Pianinonun vəziyyəti necədir?

- Düzü pianino zəif idi, dillərində qırıqlar da vardı, həmin ev isə dağılmış bir ev idi. Dağılmış bir evdə bu pianinoda ifa etmək də başqa duyğu idi. Bu pianinodakı ifalar mənə azadlığın bir nəğməsi kimi səslənirdi. Amma bu video necə yayıldı, xəbərim olmadı. Yəqin ki, videonu çəkən dostlaırmız tərəfindən video sosial şəbəkələrdə məşhurlaşdı.

- Arzuların nədir?

- Qayıtdıqdan sonra müharibəyə aid bir bəstə ərsəyə gətirmək istəyərəm. Əsas həvəsdir ki, o da məndə var. Belə bir bəstə ərsəyə gətirsəm, orada müxtəlif notlar yer alacaq - qəmli, qarışıq notlar, eyni zamanda da qələbə notları yer alacaq. Bundan başqa, konservatoriya təhsili alıb, magistr pilləsinə yiyələnmək istəyirəm. Amma hələlik ki, əsas istədiyimiz odur ki, tərxis olaq, evimizə qayıdaq.

Dəhşət və vəhşətin içərisində göylərə ucalan sevgi nəğməsi

- Sevidiyin qız haqda da danışardın

-  Şəxsi həyatım, sevdiyim qız haqda danışmaqda bir qədər çəkinirəm, çox utancağam. Ancaq sevdiyim qıza salam göndərmək istəyirəm, ən xoş arzularımı ona diləyirəm. Qubadlıda olanda danışmışdıq, sonra danışmamışıq. Hər döyüşə girəndə onu düşünüb döyüşə atılmışam. İnsan sevdiyini heç zaman unuda bilməz. Bir də istəyirəm ona bir mesaj olaraq bunu göndərim: Həyatda hər bir insanın bir şansa ehtiyacı var. Layiq olanlara şans vermək lazımdır.

O hələlik özünün sosial şəbəkələrdə məşhurlaşmasından və bu qədər sevilməsindən də xəbərsizdir.

Alim Qasımov kimi ustadlardan dərs alan qəhrəmanımız sonda isə bizə həmin o məşhur pianinoda "Şuşanın dağları" ifasını video lentə alaraq çatdıracağını söz verdi. Elə biz də həmin pianinonun o xoş sədaları altında müsahibəmizi tamamladıq.

Dəhşət və vəhşətin içərisində göylərə ucalan sevgi nəğməsi

Müharibə - insanlıq dəhşəti. vəhşəti. ölümün qoynuna atılmaqdır. Evi tərk edişinlə arxanda nə qədər gözü yaşlı insanlar, gözləri ümidlə yollara boylanan əzizlərini qoyursan. Nəfəs ala bilmirsən, bir zamanlar içində yellədiyin, laylay deyə oxuyaraq əzizlədiyin körpənin yeri evində boş qalıb, qayıdacaqmı-qayıtmayacaqmı, deyə düşünəndə belə dəhşətə gəlirsən... Amma ümdilərin ölmür...