Zeynəb Xanlarovanın bacısı oğlu saxlanılıb

Daşqın Nəsirovdan başqa bu iş üzrə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərov, Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev də həbs olunub.
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Sabiq deputat, Xalq artisti Zeynəb Xanlarovanın istintaqdan qaçıb gizlənən bacısı oğlu Daşqın Nəsirov saxlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, D.Nəsirov xüsusi əməliyyatla ötən gün saxlanılaraq, istintaqa təhvil verilib.

Apa-nın məlumatına görə, Nəsimi rayon Məhkəməsində sabiq deputat, xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb. Hakim Solmaz Musatafayevanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və D. Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daşqın Nəsirov Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlərlə satıb.

O, bir neçə nəfərlə əlbir olaraq qadınlara sağ ola-ola ölüm kağızı çıxardaraq əmlaklarını mənimsəməkdə ittiham edilir.

D.Nəsirovdan başqa bu iş üzrə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərov, Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev də həbs olunub.