CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Həyat daha bir ili evdə keçirmək üçün qısadır" - Bu şüar niyə Azərbaycanda işləmir?

Bir çox turizm məkanlarına, elə Bakının özünə də giriş-çıxış bağlıdır. Ənənəvi turistik məkanlar olan Şəki, Quba, Xaçmaz kimi şəhərlərə gediş-gəliş yoxdur. Bəs bu tirust hara gəlsin?
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. Türkiyənin Statistika İdarəsinin məlumatına görə, oktyabrda Türkiyəyə ən çox turist Rusiyadan gəlib, onların sayı təxminən 490 min nəfər (illik müqayisədə azalma 38,1% olub) təşkil edib. Ümumiyyətlə, cari ilin yanvar-oktyabrında Türkiyəni 11,2 mln. turist ziyarət edib ki, bu da ötən ilin analoji dövrü (40,7 mln. nəfər) ilə müqayisədə 3,6 dəfə azdır. Türkiyə turizm və onun bir qolu hesab edilən hotelçilik sahəsinin çökməməsi üçün müəyyən addımlar atır, yeni qadağaları gündəmə gətirir. Lakin bu qadağalar yerli əhaliylə müqayisədə turistlərə daha yumşaq formada tətbiq olunur və bir çox hallarda onlara müəyyən icazələr verilir.

Çinlilər Azərbaycanı unudurlar

Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Bizdə bu sahədə rəqəmlər, demək olar ki, donub. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Mövzu ilə əlaqədar DAİR Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir DübəndiSputnik Azərbaycan-a açıqlamasında mövcud problemlərdən danışıb: "Pandemiya bütün dünyada bir çox sahələrə, o cümlədən də turizm, hotelçilik sahələrinə ciddi ziyan vurdu. Xarici ölkələrin statistikasına da baxdıqda onların 3-4 dəfə daha az turist qəbul etdiyini görürük. Lakin əsas məsələ odur ki, onlar turist qəbul edirlər. Yəni bir sıra qaydalara riayət etməklə turistlərə şəraitlər yaradılır.

Test nəticəsi neqativ olmayan şəxs Türkiyəyə səfər edə bilmir. Bizdən fərqli olaraq Türkiyənin hava məkanı daha açıqdır, bir az da olsa turist mübadiləsi var. Bizdə vəziyyət necədir?! Artıq Nazirlər Kabinetinin verdiyi qərarların fəsadları ilə üzləşməkdən yorulmuşuq. Bu qərarlarda böyük anlaşılmazlıqlar var, onları oxuyub başa düşmək mümkün deyil. Bu qərarların müddəaları bizi heç də razı salmır".

"Restoran və hotellərlə bağlı bir sıra nüanslarda KOBİA bizi dəstəklədi. KOBİA bizə öz nümayəndələrinin də iştirakı ilə görüşə imkan yaratdı. Beləcə AQTA, DİN, KOBİA, eyni zamanda da sənaye nümayəndələri bir araya gəldilər. Kiçik və orta sahibkarlığa aid olan qida müəssisələrində "takeaway"ə (sifarişi özü ilə aparmaq - red.) icazə verilmir. Bu cür qərarlarla bu obyektləri məhvmi edək?! Hotelçilik fəaliyyətinə icazə var, sadəcə olaraq müştəri olmadığından hotellər fəaliyyətlərini dayandırıblar. Bu, başadüşüləndir. Bir məsələ var, ictimai iaşə müəssisələrinə yerində xidmətə icazə verilmir. Bəs bu hotellərin içində olan ictimai-iaşə müəssisələri necə?! Biz bilirik ki, bütün hotellər səhər yeməyini, demək olar ki, gecələmə xidmətinin daxilində satırlar. Xüsusi qida paketləri də var, bəs onlar səhər yeməklərini necə versinlər?! Otaqlara çatdırma olan "room service" (otaq servisi - red.) yalnız 4-5 ulduzlu hotellərdə olur. Digər müəssisələrdə, demək olar ki, belə xidmət yoxdur. Belə hotellərin təsnifat sistemi də demək olar ki, bunu tələb etmir. Bu da bir problem olaraq qalır", - deyə həmsöhbətimiz əlavə edib.

Digər problem isə turistik ərazilərə giriş-çıxışın bağlı olmasıdır: "Bir çox turizm məkanlarına, elə Bakının özünə də giriş-çıxış bağlıdır. Ənənəvi turistik məkanlar olan Şəki, Quba, Xaçmaz kimi şəhərlərə gediş-gəliş yoxdur. Təsəvvür edin, hotellərin fəaliyyətinə icazə verilib, amma səyahətlər qadağandır, o zaman bunun nə əhəmiyyəti qalır?! Belə çıxır ki, kimin xüsusi icazəsi varsa, onlar həmin hotellərə gedib-gələ bilərlər. Yəni bu hotellər yalnız xüsusi icazəsi olan şəxsər üçün çalışır. Pandemiyanı başa düşdük, lakin biznesi də anlamaq lazımdır".

Şahdağ Turizm Kompleksi bu mövsüm işləyəcək? - Rəsmi açıqlama

Ekspert bildirib ki, turizm sahəsində olan ixtisarlar gələcəkdə də personal çatışmazlığına, həmin mütəxəssislərin geri qaytarılmasında problemlərə səbəb olacaq.

"Artıq Azərbaycanda hotelçilik ixtisası yoxdur, ona qəbul da yoxdur. Bu tərəfdən işğaldan azad olunan torpaqlarda turizm qurulacaq deyirik, lakin bu cür problemlərimiz hələ də qalır. Biz artıq mövcud olan mütəxəssisləri itirir və yeni mütəxəssislər qazanmırıq", - deyən S.Dübəndi əlavə edir ki, bəzi ərazilərdə yerindən təhvil almaya icazə verilsə də, bəzilərində buna icazə verilmir: "Belə olan halda çatdırılmada problem yaranacaq, şəxs naharını axşam saatlarında etməlidir? Çatdırılma xidmətləri bu qədər işin öhdəsindən gələ bilməz".

S.Dübəndi bildirib ki, məsul şəxslərin işlərinə qeyri-peşəkarcasına yanaşması nəticə etibarı ilə biznesə ziyan vurur: "Biznes onsuz da sürünür və onun dəstəyə ehtiyacı var. Artıq biz 10 aydır ki, bu bəlanın içindəyik.

Hotelçilikdə məsul olan dövlət qurumlarının rəhbər işçiləri bir dəfə də olsun ictimaiyyət qarşısında çıxıb ürək-dirək vermədilər. Bu, mənəvi dəstək olardı. Heç olmasa əllərindən başqa iş gəlmirsə, bunu edərdilər. Biz burada çapalaya-çapalaya qalmışıq, çox biabırçı vəziyyət yaranıb. Assosiasiya olaraq 11 aydır ki, bir qara qəpiyin də sahibi deyilik.

Təklif edirəm ki, belə bir vəziyyətdə Türkiyə kimi ölkələrin turizm imkanlarından yararlanaq. Turizmi tamamilə boğub məhv etmək olmaz".

Qeyd edək ki, bu gün əksər ölkələrdə turistlər üçün gəzintiyə şərait yaradılır. Turistlər isə öz növbələrində "Həyat bir ili də evdə keçirmək üçün qısadır" şüarı ilə müxtəlif ölkələrə üz tuturlar.