Azərbaycanda ağartı məhsulları çox sevilir, xüsusilə pendir. Demək olar hər ailədə pendir masadan əskik olmur. Azərbaycanlılar ümumiyyətlə evdə hazırlanmış pendirə həmişə daha çox üstünlük veriblər.
Sputnik Azərbaycan-ın bölgə müxbiri Beyləqan rayon sakini Şəlalə Əzimovadan pendirin ev şəraitində hazırlanma qaydasını təqdim etməyi xahiş edib. Pendirin hazırlanması üçün bizə süd, hər bir mağazada satılan pendir mayası və duz lazım olacaq.
İlk öncə süd sağılır, süzülür və isti-isti maya əlavə olunur. 10 dəqiqə gözlədikdən sonra mayalanmış süd şor torbasına tökülür və yaxşıca süzülür. Üzərinə mütləq ağır əşya qoyulmalıdır ki, pendir daha yaxşı süzülsün. İki saata yaxın gözlədikdən sonra pendir kəsilir və duzlanır. Duzlayandan sonra pendir duzda bərkiyənə kimi sərin yerdə saxlanılır.
Qeyd edək ki, südü qaynatdıqdan sonra da mayalamaq olar. Belə olan halda südün soyuması gözlənilir, ilıq halda mayalanır. Bu cür pendir bişmiş pendir adlanır.