BAKI, 25 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini dürüst və sözünə əməl edən bir insan kimi xarakterizə edib.
"Cənab Putinin bu sözləri əslində eynən onun özünü ifadə edən ifadələrdir. Cənab Putini tanıdıqdan sonra mən də onu bu şəkildə tanıdım". Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Qeyd edək ki, dekabrın 17-si Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında türkiyəli həmkarını "kişi adam" adlandırıb.
Onun fikrincə, dünya liderləri yüksək hazırlıq səviyyəsinə malik insanlardır. Onları "komfortlu" və ya "çətin" adlandırmaq olmaz. Nümunə kimi Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı göstərib. O qeyd edib ki, Ərdoğan heç də həmişə Rusiyanın maraqlarını bölüşmür: "Lakin verdiyi sözü tutur, o, kişidir. Əgər o, hesab edirsə ki, bu onun ölkəsi üçün xeyirdir, sona qədər gedir. Bunda bir proqnozlaşdırma elementi var".