CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzəri heç cür proqnozlaşdırmaq olmur

Rasim Səttarzadə: Xəzərin səviyyəsinin tərəddüdünə gətirib çıxaran amillərdə kifayət qədər qeyri-müəyyənliklər olduğuna görə, belə uzunmüddətli proqnoza skeptik yanaşmaq lazımdır.
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Xəzər dənizi qapalı hövzə olduğundan, burada periodik olaraq səviyyə dəyişmələri baş verir. Lakin Xəzərin unikal əlamətlərindən biri də ondan ibarətdir ki, bunun səbəbləri indiyədək alimlər tərəfindən tam və birmənalı qiymətləndirilmir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə danışıb. O bildirib ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur. Səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır:

"Çoxillik məlumatların təhlili göstərir ki, Xəzər dənizinin səviyyəsi -20 və -34 metr arasında dəyişib. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə çataraq -29 metrə qədər azalıb. Lakin 1977-1995-ci illər ərzində suyun səviyyəsi 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb. Ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib. 2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb".

Nazirliyin rəsmisinin sözlərinə görə, dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb.

"Xəzərin səviyyəsinin bir çox amillərdən asılı olduğunu nəzərə alsaq, həmin amillərin dəyişməsinin dəqiq proqnozu, ssenarisi olmalıdır. Səviyyə tərəddüdünə gətirib çıxaran amillərdə kifayət qədər qeyri-müəyyənliklər olduğuna görə, məncə belə bir uzunmüddətli proqnoza skeptik yanaşmaq lazımdır", - deyə şöbə müdiri əlavə edib.