Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 24 dekabr — Sputnik. Makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1.7 səviyyəsində götürülüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında deyilib.
Açıqlamaya görə, eyni zamanda inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə müsbət təsir göstərəcək.
“Azərbaycanda devalvasiyanın olacağı barədə səsələnən fikirlərin heç bir əsası yoxdur”.
Bunu isə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, indiki halda belə söhbətlər cəfəngiyatdır: "Hamı qələbəyə köklənib. Devalvasiyanın olması xəbərləri boş söhbətlərdir".
Gələn il manatın məzənnəsi ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan faktiki olaraq üzən məzənnə rejiminə keçməyib. Lakin ölkəmizdə üzən məzənnə rejiminə keçmək lazım deyil. Bizdə ixrac idxalı xeyli dərəcədə üstələyir və böyük qızıl-valyuta aktivlərimiz var. Bütün bunlar onu deməyə əsas verir ki, müvafiq qurumlar düzgün iqtisadi idarəetmə siyasəti aparsa, yaxın illərdə Azərbaycanda devalvasiya ilə bağlı ciddi təzyiqlərin olması heç cür mümkün deyil. Ölkəyə ticarət vasitəsilə daxil olan valyuta çıxan valyutadan xeyli dərəcədə çoxdur.
"Lakin bank sektorunda problemlər olarsa, ölkədən kütləvi kapital axınının qarşısı alınmazsa, müvafiq qurumlar fəaliyyətində ciddi nöqsanlara yol verərsə, onda devalvasiya ola bilər", - deyə o qeyd edib.
Professor bildirib ki, iqtisadiyyatda ən önəmli məqamlardan biri məhz valyutanın sabitliyidir. Bu, büdcə siyasəti, investisiya siyasəti və bütövlükdə makroiqtisadi idarəetmə baxımından çox vacibdir. Ona görə də valyuta sabit saxlanılmalı və sabitliyin qorunması üçün aidiyyəti qurumlar öz səylərini göstərməlidir.
"Əkrəm Həsənov və partnyorları" hüquq şirkətinin direktoru, maliyyə üzrə ekspert Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, əgər gələn il üçün manatın dollara qarşı məzənnəsi 1.7 səviyyəsində göstərilməsə idi, təəccüblü olardı:
"2014-2015-ci illərin büdcəsini də hazırlayanda manatın dollara qarşı məzənnəsi 0,78 səviyyəsində göstərilmişdi. Əgər hər hansı bir ölkənin milli valyutası inzibati yolla müəyyən edilirsə, növbəti ilin dövlət büdcəsi hazırlanarkən sabit məzənnə göstəriləcək. Ola bilər bu göstərici özünü doğrultsun, amma proqnoz vermək çətindir. Çünki pandemiya, neftin qiymətinin aşağı olması proqnoz verməyi çətinləşdirir. Bu gün Dövlət Neft Fondunda 43 milyard dollardan çox vəsait var. İstəsələr gələn il üçün manatın məzənnəsini sabit saxlaya bilərlər".
Ekspert hesab edir ki, üzən məzənnə rejimi yaxşıdır: "Bunun tərəfdarıyam. Sabit məzənnə bazar iqtisadiyyatının inkişafına imkan vermir. Dünyada neftin qiyməti düşən kimi insanlar dollar almağa çalışırlar. Amma üzən məzənnə olsa, düşünərlər ki, dollar ucuzlaşa, manat güclənə bilər. Lakin pandemiya dövründə üzən məzənnəyə keçmək olmaz, çünki panika olar".
Maliyyə Nazirliyinin açıqlamasında o da bildirilib ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək.