BAKI, 24 dekabr — Sputnik. Mövcud beynəlxalq vəziyyət qlobal və regional təhlükəsizlik problemlərinin daha da kəskinləşməsi ilə xarakterizə olunur, Cənubi Qafqazda münaqişə potensialı qalır. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Rusiya müdafiə nazirinin müavini Valeri Qerasimov xarici attaşelər üçün brifinqdə bildirib.
"Terrorizm və radikal ekstremizmin genişlənməsi, koronavirus infeksiyasının yayılması fonunda davam edən qlobal iqtisadi tənəzzül və bir sıra dövlətlərin destruktiv xarici siyasəti dünyada gərginliyin artmasına səbəb olur", - deyə Qerasimov qeyd edib.
Onun sözlərinə görə, Suriya, İran, Əfqanıstan və Liviyada terrorçuluq fəaliyyəti davam edir. İran-ABŞ münasibətlərində gərginliyin dərəcəsi azalmır.