MƏDƏNİYYƏT

Filmlərin istehsalına 6,5 milyon manat ayrılacaq

Gələn il üçün büdcə zərfinə daxil olan sənədə əsasən, Azərbaycan kinematoqrafiya sahəsinə investisiyaların cəlbi mexanizmlərini özündə əks etdirən "Azərbaycan sərmayə" ("İnvest in Azerbayjan") mexanizmlərinin tənzimlənməsi Qaydası" təsdiqlənəcək və icra olunacaq
Sputnik

BAKI, 24 dekabr — Sputnik. 2021-ci il üçün dövlət büdcəsi xərclərində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsi üçün 418,2 milyon manat nəzərdə tutulub.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) istinadən xəbər verir ki, həmin vəsaitin 177,5 milyon manatı və ya 42,4 faizi (2020-ci illə müqayisədə 2,2 milyon manat və ya 1,3 faiz çox) mədəniyyət və incəsənət sahəsində fəaliyyət (kitabxanalar, muzeylər, qoruqlar, mədəniyyət sarayları, evləri, mərkəzləri, teatrlar, musiqi kollektivlərinin saxlanılmasının maliyyə təminatına) xərclərinə ayrılacaq. Bundan başqa, dövlət sifarişi ilə bədii, sənədli və çizgi filmlərinin istehsalına ənənəvi olaraq 6,5 mln manat ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, ölkəmizdə kinematoqrafiya sahəsinə investisiyaların cəlbi mexanizminin hazırlanması 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə öz əksini tapıb. Gələn il üçün büdcə zərfinə daxil olan sənədə əsasən, Azərbaycan kinematoqrafiya sahəsinə investisiyaların cəlbi mexanizmlərini özündə əks etdirən "Azərbaycan sərmayə" ("İnvest in Azerbayjan") mexanizmlərinin tənzimlənməsi Qaydası" təsdiqlənəcək və icra olunacaq.