MƏDƏNİYYƏT

Kino sənətinin sirləri azərbaycanlılar üçün daha əlçatan oldu

Tərcümə müəllifi Fərhad Abdullayevin sözlərinə görə, Andrey Tarkovskinin kitabı İncəsənət Universitetinin tələbələri üçün əvəzedilməz dərs vəsaiti kimi də istifadə oluna bilər.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi kinoşünaslıq, rejissor və aktyorluq sənəti tədrisinə töhfə olaraq görkəmli Rusiya kinorejissoru Andrey Tarkovskinin "Kino sənətinin sirləri haqqında" kitabını nəşr edib.

Sözügedən kitabın tərcümə müəllifi Fərhad Abdullayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin sənət barədə düşüncələri, elmi-nəzəri məqalələri, mühazirələri, çıxışları və müsahibələri daxil edilib: "Kino cəmiyyətin aynasıdır", "Kino rejissorluğu üzrə mühazirələr", "Sənət ideal axtarışında", "Həkk olunmuş zaman", "Sənətkar məsuliyyəti", "Həsrətdən sonra", "Kino sirli aləmdir", "Görüşlər, çıxışlar, müsahibələr" adlı fəsillərdən ibarət kitabda kino aləminin görünən və görünməyən tərəfləri, aktyorluq və rejissorluq peşəsinin gizli qatları, kino sənətinin insana və cəmiyyətə təsiri kimi yaradıcılıq incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir".

Qeyd edək ki, kitabın orijinaldan tərcümə müəllifi Fərhad Abdullayev, redaktoru Rəbiqə Nazimqızıdır. Fərhad müəllimin sözlərinə görə, Andrey Tarkovskinin kitabı İncəsən Universitetinin tələbələri üçün əvəzedilməz dərs vəsaiti kimi də istifadə oluna bilər.