İQTİSADİYYAT

Böyük Qayıdış və pandemiya - Samir Şərifov xərclərimiz haqda

"2021-ci ilin dövlət büdcəsində pandemiyaya qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, xalqın rifahının təmin edilməsi, işğal edilmiş ərazilərdə nəzərdə tutulan tədbirlər, dövlət sərhədlərinin bərpa edilməsi və digər xərclər nəzərə alınıb"
Sputnik

BAKI, 23 dekabr — Sputnik. "2020-ci il Azərbaycan tarixində müstəsna bir il kimi yadda qalacaq. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan Ordusu Azərbaycan torpaqlarını işğaldan azad etdi və şanlı qələbəyə imza atdı".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpa edilməsi qarşımızda duran ən ümdə məsələdir:

"2021-ci ilin dövlət büdcəsində bu məsələyə xüsusi önəm verilib. Həmin ərazilərdə müasir infrastrukturun yaradılması üçün dövlət büdcəsindən 2.2 milyard manat vəsait nəzərdə tutulur. Eyni zamanda müdafiə qabiliyyətinin gücləndirilməsi üçün kifayət qədər vəsait artırılıb. Müdafiə xərclərinin cəmi 4.6 milyard manata yaxındır".

O bildirib ki, hökumətin gördüyü məqsədyönlü tədbirlər nəticəsində koronavirus pandemiyasının yarada biləcəyi böhranın qarşısı alınıb: "2021-ci ilin dövlət büdcəsində pandemiyaya qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, xalqın rifahının təmin edilməsi, işğal edilmiş ərazilərdə nəzərdə tutulan tədbirlər, dövlət sərhədlərinin bərpa edilməsi və digər xərclər nəzərə alınıb".

S.Şərifov bildirib ki, büdcə Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək istiqamətində tədbirlər nəzərə alınmaqla tərtib edilib.