BAKI, 23 dekabr — Sputnik. "2020-ci il pandemiya ilə mübarizə şəraitində keçib, qlobal iqtisadiyyat azalıb və proqnozlara əsasən növbəti ildə də azalacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov bildirib ki, bütün bunlar Azərbaycana da təsir edib, lakin görülən tədbirlər nəticəsində makroiqtisadi sabitlik təmin edilib.
O qeyd edib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollar səviyyəsindədir, Mərkəzi Bankın ehtiyatları isə 3 faizə qədər artıb.
Manatın məzənnəsinə gəlincə isə E.Rüstəmov bildirib ki, bununla bağlı heç bir narahatlıq yoxdur: "Azərbaycanda valyuta ehtiyatlarının sabitiyi onu göstərir ki, bazarda valyuta artıqlığı müşahidə olunub, nəinki valyuta qıtlığı".