Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 23 dekabr — Sputnik. Azərbaycanda koronavirusdan ölüm sayı artmaqla yanaşı, ölüm yaşı da cavanlaşır. Son günlər koronavirusdan dünyasını dəyişən tanınmış ictimai xadimlərin yaş həddinin aşağı olması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Tanınmış sığorta eksperti Xəyal Məmmədxanlının, jurnalist Rəşad Süleymanovun vəfatı cəmiyyətdə koronavirusun artıq yaşlı insanlar deyil, yaşı 35-45 arasında olan şəxslər üçün də ölüm təhlükəsi yaratdığını göstərdi.
Ekspertlər isə son günlər koronavirusa yoluxmuş şəxslər arasında ölüm hallarının artmasını, virusun cavan insanların da həyatı üçün təhlükə yaratmasını dərman qıtlığı, xəstəxanalarda yer azlığı və koronavirusla mübarizənin düzgün təşkil edilməməsində görürlər.
Tanınmış həkim Qalib ƏsədovSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusla mübarizə düzgün təşkil olunmayıb. Q.Əsədov deyir ki, dünya ölkələri koronavirusla mübarizəyə diaqnozun qoyulması ilə başlayıblar:
"İstər karantin olan, istər də karantin tətbiq edilməyən ölkələrdə virusa görə əhali test edilir. Test pozitiv çıxdığı halda mübarizəyə başlanılır. Azərbaycanda isə bu gün koronavirusa yoluxmuş şəxslərdən dəfələrlə müraciətdən sonra test götürülür. Həmin şəxslərin testi pozitiv çıxdıqda isə müalicəsi üçün yer tapılmır.
Belə xəstələr məcburdur ki, özəl tibb müəssisələrinə müraciət etsinlər. Buna isə hər adamın maddi imkanı çatmır. Poliklinikalar müraciətlərə üç-dörd gündən sonra cavab verirlər. Testin cavabı isə bir həftəyə gəlir. Bu müddətə qədər isə virus orqanizmə öz mənfi təsirini göstərir. Nəticədə xəstənin vəziyyəti ağırlaşır, hətta ölüm halları olur".
Q.Əsədov bildirir ki, digər səbəb virusun müalicəsi üçün vaxtında dərmanların tapılmamasıdır: "Xəstələr apteklərdə antiviral və qan durulducu dərmanlar tapa bilmirlər. Bu isə ölüm sayına təsir edib. Bu günə kimi təhsil müəssisələrinin işlədiyi Belarusda ölüm sayı bizdən dəfələrlə aşağıdır. Baxmayaraq ki, Azərbaycanda bir ilə yaxındır karantin rejimi tətbiq edilir. Bundan əlavə, dərman preparatlarının qiymətinin bahalaşması da dərmanlara əlçatanlığı azaldıb. Halbuki, Trükiyə, Çin və digər ölkələrdə koronavirusun müalicəsi üçün dərmanlar pulsuz verilir".
Həkim deyir ki, bəzən yüngül xəstələr də dərman tapmadıqları üçün xəstəxanalarda müalicə almağa üstünlük verirlər. Bu isə xəstəxanalarda ağır xəstələr üçün yer çatışmazlığına səbəb olur.
Q.Əsədov deyir ki, virusun aqressivləşməsi ilə bağlı məlumatlar yalnışdır: "Sadəcə olaraq insanlar dərman tapa bilmirlər, özünümüalicə xəstələrin vəziyyətini ağırlaşdırır. Hətta bu gün pulu olmadığı üçün test etdirə bilməyən xəstələr var. Koreyada özündə şübhə olan insanlar üçün koronavirus testini pulsuz edən köşklər var. Azərbaycanda isə testin qiyməti kəllə-çarxdadır".
Professor Adil Qeybulla isə bildirir ki, koronavirusun varlığına şübhələr də vəziyyəti ağırlaşdırır: "Gənclər bəzən bu virusa səhlənkar yanaşırlar. Orqanizmdə yanaşı xəstəliklərin olması yaşla ölçülmür. Bəzən elə yaşlı insanlar var ki, onların orqanizmi daha möhkəmdir. Çox təəssüf ki, bu faktor son vaxtlar cavan insanlar arasında ölümə səbəb olur".
A.Qeybulla bəzən yaş 35-45 arası xəstələrin evdə müalicəyə üstünlük verdiyini bildirir: "Bu da tamamilə yanlışdır. Bu gün xəstəxanalarda yer onsuz da məhduddur. Cavanlar elə cavanlıqlarına arxayın olub evdə müalicəyə üstünlük verirlər. Ağırlaşanda həkimə və xəstəxanaya gedirlər. Xəstələr elə dərman istehlak edirlər ki, onların heç bu virusa təsiri yoxdur. Bütün bu amillər son günlər ölüm hallarını artırıb".
Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxış isə Sputnik-in xəstəxanalarda yer çatışmazlığı ilə bağı sualını cavabsız qoyub.