"Pandemiyanın ən çox təsir etdiyi qurumlardan biri Milli Məclis olub" - deputat

Tahir Mirkişili: "Azərbaycan iqtisadiyyatı qonşu ölkələrlə müqayisədə daha az geriləməyə məruz qalıb. Bu nəticəyə Azərbaycanda iqtisadi dəstək proqramının həyata keçirilməsi və digər tədbirlər sayəsində nail olunub".
Sputnik

BAKI, 23 dekabr — Sputnik. "Koronavirus pandemiyasının ən çox təsir etdiyi qurumlardan biri Milli Məclis olub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, deputatların sağlamlığının qorunması üçün Milli Məclisin komitələrinin iclasları onlayn formada keçirilib.

Komitə sədri əlavə edib ki, pandemiya səbəbindən 2020-ci ildə iqtisadiyyatda geriləmə baş verib: "Bütün dünyada bu baş verib. Əsas məqsədimiz pandemiyadan daha az itkilərlə çıxmaq və növbəti illərdə daha sürətli inkişaf edən iqtisadiyyata nail olmaqdır".

Komitə sədrinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı qonşu ölkələrlə müqayisədə daha az geriləməyə məruz qalıb: "Bu nəticəyə Azərbaycanda iqtisadi dəstək proqramının həyata keçirilməsi və digər tədbirlər sayəsində nail olunub".

Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin büdcə zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılıb. Büdcə zərfinə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında”, "İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri daxildir.

2021-ci il dövlət büdcəsinin gəlirləri 25427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1303,0 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1208,9 milyon manat və yaxud 5,0 faiz çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və ya 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4117,1 milyon manat və ya 16,9 faiz çoxdur.