BAKI, 23 dekabr - Sputnik. Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Qərar qəbul edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, qərarda qeyd edilir ki, koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcəklər.
ƏƏSMN-dən isə bildirilib ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmə cari ilin ötən dövründə bu ödəməni almış şəxslərə təsdiq edilmiş qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra ödənəcək.
Ödəməni almaq üçün həmin vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur.
Ödəmə birdəfəlik şəkildə həyata keçiriləcək və banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək. Vəsait köçürüldükdən sonra bu barədə vətəndaşlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək.
Bu növbəti birdəfəlik ödəmə proqramının 600 minə yaxın şəxsi əhatə edəcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı 600 min şəxsə, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və 5-ci dəfə birdəfəlik ödəmələr verilib.
Ümumilikdə cari ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 350 milyon manatdan artıq vəsait sərf olunub.