SƏHİYYƏ

Xəstədə 14 gün bitdikdən sonra şikayət yoxdursa, tam sağalmış hesab olunur - SN

Səhiyyə Nazirliyinin təmsilçisi Nailə Daşdəmirovanın sözlərinə əsasən, sahə həkimləri koronavirusa yoluxmuş və evdə nəzarətdə olan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə edir.
Sputnik

 

BAKI, 22 dekabr — Sputnik. Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə işçi qrupunun üzvü Nailə Daşdəmirova yaxmaların götürülməsi və evdə nəzarətə dair müsahibə verib. Sputnik Azərbaycan xəbər verir ki, N.Daşdəmirova yaxmaların götürülməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə, COVID-19 infeksiyası ilə əlaqədar poliklinikalar tərəfindən yaxmaların götürülməsi aşağıdakı qaydada həyata keçirilir: vətəndaş özündə hər hansı bir narahatlıq hiss edərsə, dərhal sahə həkimi və ya 814 çağrı mərkəzinə müraciət etməlidir. Sahə həkimi vətəndaşda COVID-19-a şübhə aşkarlayarsa, məlumatlar təhkim olunduqları məntəqəyə göndərilir. Məntəqə işçiləri tərəfindən ev şəraitində yaxma götürülür.

N.Daşdəmirova, məntəqələr tərəfindən yaxmaların hər gün səhər saat 08:00-dan 15:00-a qədər götürülməsini diqqətə çatdırıb. O həmçinin 15:00-dan 18:00-a qədər nəticəsi pozitiv çıxmış xəstələrə vitamin komplekslərinin paylanmasının məntəqə işçiləri tərəfindən icra edildiyini bildirib.

Nailə xanımın sözlərinə görə, sahə həkimləri koronavirusa yoluxmuş və evdə nəzarətdə olan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə edir. Xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən vitamin kompleksi ilə təmin olunurlar. Kompleksə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur. Evdə nəzarətdə saxlanılan şəxslərə sahə poliklinikaları tərəfindən göstərilən xidmətə antibiotik və antivirus əleyhinə preparatların verilməsi, eləcə də venadaxili inyeksiyaların qəbulu daxil deyildir.

Bəzi vətəndaşlar evdə nəzarət müddəti bitdikdən sonra yenidən yaxma tələb edirlər. "Buna ehtiyac varmı?" sualına cavab verən Nailə Daşdəmirova bildirib ki, nəzarətə götürülən xəstədə 14 gün bitdikdən sonra heç bir şikayət yoxdursa, vətandaş tam sağalmış hesab olunur. Ondan yenidən yaxmanın götürülməsinə ehtiyac yoxdur. Əgər 14 gün bitdikdən sonra xəstədə şikayətlər davam edərsə, bu vəziyyət sahə həkim tərəfindən dəyərləndirilərək, xəstəlik müddəti uzadıla bilər.