BAKI, 22 dekabr — Sputnik. Ötən gün vəfat edən Xalq artisti Səfurə İbrahimova bu gün dəfn ediləcək.
Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktrisa "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Saat 15:00-da reallaşacaq dəfn mərasimində sərt karantin rejiminin qaydalarına əməl olunacaq, az sayda insan iştirak edəcək.
Qeyd edək ki, Səfurə İbrahimova dekabrın 21-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Onlarla teatr tamaşasında, filmlərdə rol alan aktrisa 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adı, 1984-cü ildə Azərbaycan SSR dövlət mükafatına layiq görülmüşdü.
2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin II dərəcəli mükafatı, 2002-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adı, 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Onun "Sevil", "Arşın mal alan", "Alma almaya bənzər", "Qaynana" və s. filmlərdə yaratdığı bənzərsiz obrazları hər kəsin xatirində yaşayacaq.
Allah rəhmət eləsin!