ELM

Bu gecə bir ilk yaşanacaq - 397 ildən sonra

Yupiterlə Saturn dekabrın 21-dən 22-nə keçən gecə göy üzündə "qovuşaraq" tək ulduz kimi görünəcək və bu hadisəni teleskopsuz müşahidə etmək mümkün olacaq.
Sputnik

 

BAKI, 21 dekabr — Sputnik. Dekabr ayının 21-dən 22-nə keçən gecə Yupiter və Saturn səmada bir-birinə yaxınlaşaraq tək ulduz kimi parlayacaq. Bu hadisə sonuncu dəfə 1623-cü ilin iyul ayının 16-da qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla məlumat verir.

Avstraliyanın Monaş Universitetinin astronomu Maykl Braun "Washington Post"-a müsahibəsində bildirib ki, Yupiter Günəş ətrafında vurduğu dövrəni 12 ilə, Saturn isə təxminən 30 ilə tamamlayır. Onun sözlərini görə, iki planet fərqli trayektoriya üzrə hərəkət etdiklərindən bu hadisə nadir hallarda qeydə alınır.

Braun onu da bildirib ki, 1623-cü ildəki "böyük qovuşma" vaxtı planetlər Günəşə çox yaxın olduqlarından bu hadisəni Yerdən izləmək mümkün olmayıb. Yupiterlə Saturnun daha əvvəl, 1226-cı ilin mart ayında qeydə alınan "qovuşma"sında isə çox möhtəşəm mənzərə ortaya çıxıb.

Amerika Aviasiya və Kosmik Agentliyindən (NASA) bildirilib ki, Şimal yarımkürəsində ən qısa günün və ən uzun gecənin yaşanacağı 21 dekabrda Yupiterlə Saturnun qovuşduğu anı adi gözlə izləmək mümkün olacaq.