CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşğaldan azad olunmuş ərazilərdə də icbari tibbi sığorta tətbiq olunacaq

2021-ci ilin dövlət büdcəsində icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsi və əhalinin sağlamlığının qorunması üçün 1044,7 milyon manat vəsait proqnozlaşdırılır
Sputnik

BAKI, 21 dekabr — Sputnik. 2021-ci ilin yanvar ayından etibarən mərhələlərlə ölkənin 36 şəhər və rayonunda (Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları), 2021-ci ilin aprel ayından isə qalan 7 şəhər və rayonunda (Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları), yəni ölkənin bütün ərazisində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.

Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci ilin dövlət büdcəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığorta haqqının və icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsinə və əhalinin sağlamlığının qorunması sahəsində bir sıra tədbirlərin maliyyə təminatı üçün 1044,7 milyon manat vəsait proqnozlaşdırılır. Bu da 2020-ci illə müqayisədə 60,9 milyon manat və ya 6,2 faiz çoxdur.