MƏDƏNİYYƏT

Uşaqlara qələbəmizi boyalı fırçalarla çatdıran rəssam

Vasif Səftərov deyir ki, onun ən böyük arzusu isə Şuşada böyük rəsm sərgisi açmaqdır. Artıq bu xəyal deyil.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması yeni-yeni işlərin görülməsi, mövzuların yaranması, layihələrin icrası üçün bir mənbə oldu. Azərbaycanın qəhrəmanlıq tarixini gələcək nəsillərə ötürmək üçün artıq müxtəlif layihələrə başlanılıb. Bu layihələr sırasıda uşaqlar üçün müharibə, qələbə mövzusunda çəkilən illustrasiyalar da yer alıb.

Sputnik Azərbaycan-ın həmsöhbəti artıq illərdir ki, çəkdiyi rəsmlər, karikaturalar və illustrasiyalarla məşhurlaşan Vasif Səftərovdur. 32 yaşı olan V.Səftərov Qazaxın Daş Salahlı kəndində doğulub. 9-cu sinifdən Əzim Əzimzadə adına Rəssamlıq Kollecinə daxil olan V.Səftərov hazırda "Hədəf" liseyində təsviri-incəsənət müəllimi olaraq fəaliyyət göstərir. O, liseydə həmçinin öz emalatxanasını quraraq yaradıcı gənclərə dəstək olur. Hazırda onu işini əsas istiqaməti yetişməkdə olan nəslə Azərbaycanın qələbə tarixini çatdırmaqdır.

- Öncə bir qədər özünüz haqda məlumat verərdiz ki, oxucularımız onlara imzası məşhur olan rəssamımızı daha yaxından tanıya bilsinlər.

 - Hazırda tək rəssamlıqla deyil, heykəltəraşlıqla, bir sözlə, tətbiqi sənətin bütün növləri ilə məşğulam. Lakin profesionalcasına məşğul olduğum sənət boyakarlıqdır. Rənglərlə ilk tanışlığım hardasa 2-3 yaşımda olub. Rənglərlə 3 yaşından başlayan dostluğumuz hələ də davam edir. Artıq həyatımı bu rənglər olmadan, bu sənət olmadan təsəvvür edə bilmirəm. Uşaq vaxtı rəssamlıqla əlaqədar olaraq müxtəlif dərnəklərə də gedirdim. Bu dərnəklər vasitəsilə Mədəniyyət Nazirliyinin xətti ilə xarici səfərlərə də gedirdik.

- Son zamanlar illustrator kimi çox məşhurlaşmısınız.

- İllustrator kimi ilk fəaliyyətimə "Hədəf" və "Xan" nəşriyyatında başlamışam. Öncələr daha çox Şamil Sadiqin ssenarisi əsasında illustrasiyalar çəkmişəm, sonradan müxtəlif kitablara da illustrasiyalar çəkmişəm. Adıçəkilən nəşriyyatlarda "Xatirə Ədəbiyyatı" silsiləsində mənim də gördüyüm işlər olub. Uşaqlar üçün "Dədə Qorqud" boylarını işləmişik, tarixi abidələr, sənətkarlar, sərkərdələrlə bağlı maraqlı işlərimiz olub. Maraqlı layihələrdən biri də 12 kitabdan ibarət dəst hesab edilən "Böyük adam olmuş uşaqlar" layihəsi olub.

- Mübariz İbrahimov haqda olan və yeni işıq üzü görən cizgi-roman haqda da məlumat verərdiniz.

- Mübariz İbrahimov haqda olan cizgi-romanı Azərbaycanda bir ilk hesab edilən işdir. Bu işin ideya müəllifi və ssenaristi Şamil Sadiq, rəssamı isə mənəm. Ümumiyyətlə, qeyd edim ki, son olaraq qəhrəmanlıq mövzusunda işlənilən bütün əsərlərin hamısının ideya müəllifi demək olar ki, Şamil Sadiqdir.

- Bu cizgi-roman nə qədər müddətə başa gəldi?

- Üzərində 3 ildən artıq iş görülən layihəmiz yeni işıq üzü görüb. Düşünürəm ki, bu işimiz böyük maraqla qarşılanacaq. Əslində vətənpərvərlik mövzusunda müəyyən işlər görmüşük, amma görmək istədiyimiz işlər hələ də qabaqdadır. Artıq müharibə mövzusunda müəyyən eskizlər hazırdır, layihələr gözlənilir. Yaxın günlərdə bu layihələr reallaşar.

- Müharibə mövzusunda hazırlanacaq uşaq kitabları haqda bir qədər daha ətraflı məlumat verərdiniz.

- Hazırda uşaqlar üçün nəzərdə tutulan cizgi-roman kitabı üzərində işlər gedir. Burada tarixi faktlar qeyd olunacaq. Torpaqlarımızın işğaldan azad olunma tarixləri qeyd olunacaq. Bundan başqa, həmin rayonların ərazisi, məşhur abidələri haqda da məlumat veriləcək. Bundan başqa, qəhrəmanlarımızın qəhrəmanlığı rəsm formasında canlandırılacaq. Şuşada gedən döyüşlər haqda ssenariyə uyğun rəsmlər olacaq və bu rəsmlər real hadisələrə uyğun çəkiləcək.  

Liseydə yerləşən emalatxanasında müxtəlif mövzularda əsərlər ərsəyə gətirən V.Səftərov deyir ki, bu əsərlər sırasında kolleksiyaçılar tərəfindən qorunub saxlanılan, xaricə aparılanlar da var. Onun ən böyük arzusu isə Şuşada böyük rəsm sərgisi açmaqdır. Artıq bu xəyal deyil...