BAKI, 21 dekabr — Sputnik. İndiyə kimi rus sülhməramlıları Dağlıq Qarabağda bir dənə də ciddi insidentə yol verməyiblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.
"Noyabrın 10-dan bəri üçtərəfli razılaşmaya uyğun olaraq, Rusiya hərbi kontingenti Dağlıq Qarabağ ərazisində əməliyyatları uğurla davam etdirir. Ən qısa müddətdə Rusiya qoşun birləşmələri təyin olunmuş ərazilərdə yerləşdirilib və 23 müşahidə məntəqəsində tapşırıqları yerinə yetirməyə başlayıb. Bu günə qədər heç bir ciddi insidentə yol verilməyib", - deyə Şoyqu bildirib.
Nazirin sözlərinə görə, Laçın dəhlizi boyunca mülki nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunur. Bundan başqa, Rusiya sülhməramlılarının rəhbərliyi altında "hamının hamıya" prinsipi ilə Ermənistan və Azərbaycan arasında hərbi əsirlərin mübadiləsi aparılıb. Bu əməliyyat çərçivəsində meyitlərin mübadiləsi də həyata keçirilib.
"Mülki şəxslər tamamilə təhlükəsiz vəziyyətdə yaşadıqları ərazilərə qayıdır və evlərini bərpa edirlər. Onlara Sülhməramlı İdarəetmə Mərkəzinin hərbi qulluqçuları kömək edirlər. 14 noyabrdan bəri Rusiya sülhməramlıları 42 mindən çox qaçqının geri qayıtmasını təmin edib. Dağlıq Qarabağ ərazisi minalardan təmizlənir. Ümumilikdə 6 mindən çox partlayıcı obyekt zərərsizləşdirilib", - deyə Şoyqu əlavə edib.
Rusiyalı sülhməramlılarını yerləşdirmək üçün Xankəndidə 330 nəfərlik iki müasir modul tipli şəhərciyinin salındığını deyən müdafiə naziri bildirib ki, gələn ilin 1 aprel tarixinə qədər daha 32 belə şəhərcik salınacaq. "Nəticədə, sülhməramlı kontingent üçün rahat xidmət göstərmək və yaşamaq üçün şərait yaradılacaq", – deyə Şoyqu əlavə edib.