QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bolşoy Teatrın Qarabağda döyüşən artisti: “Heç bir pis fikrim yox idi” - VİDEO - FOTO

Opera müğənnisi Atəş Qarayev həmişə Azərbaycan torpaqlarının azad olunmasını istəyib, buna görə də Vətən müharibəsində iştirak etdiyi üçün özünü xoşbəxt sayır
Sputnik

BAKI, 21 dekabr – Sputnik, Kəmalə Əliyeva. Azərbaycan əsgərlərindən heç biri ölüm haqda fikirləşmirdi, nə olursa-olsun, onlar üçün ən əsası qələbəyə doğru getmək, Azərbaycan torpaqlarını işğaldan azad etmək idi. Bu barədə Sputnik Azərbaycan-la söhbətində Bolşoy Teatrın Gənc opera proqramının artisti, tenor Atəş Qarayev deyib. O, Moskvaya qayıtmaq əvəzinə cəbhəni, əsgər formasını seçib.

Vokalçı Süleyman Ələsgərov adına musiqi məktəbini, Şuşa musiqi kollecini və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Uzun müddət Azərbaycan Dövlət Opera və Balet Teatrında, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dəvət olunmuş solist kimi işləyib.

Qarayevin həyatı 2019-cu ildə dəyişib – həmin vaxt Rusiyanın Bolşoy Teatrının nümayəndələri özlərinin opera proqramları üçün gənc istedadlar axtarmaq məqsədilə Bakıya gəlibmişlər. Atəşin ifası onların elə xoşuna gəlib ki, Rusiya və MDB ölkələrindən olan gənc müğənni və pianoçuların peşəkar təkmilləşmə kursu keçdikləri proqram çərçivəsində ona müqavilə təklif ediblər. Təəssüf ki, koronavirus pandemiyası səbəbindən Atəş Vətənə qayıtmalı olub. Sonra isə Bolşoy Teatr iyulun əvvəlində işinə başlasa da vokalçı Moskvaya uça bilməyib.

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də əks-hücum əməliyyatı başlayanda Atəş Qarayev hərbi komissarlığa gedərək orduya könüllü yazılır. Artistin sözlərinə görə, əvvəlcə onu göndərməyib, ehtiyac olmadığını bildiriblər, ancaq o, təkid edərək istəyinə nail olub. Sabahı gün Atəşə zəng ediblər və o, sentyabrın 30-da cəbhəyə yola düşüb.

“Biz hazırlıq kursu keçdik, sonra isə bizi Füzuliyə göndərdilər. Hər birimiz döyüşə can atırdıq, çünki Azərbaycan torpaqlarını azad etməyi arzulayırdıq. Cəbrayıl, Hadrut, Xocavənd istiqamətindəki döyüşlərdə oldum. Biz qələbəmizə inanırdıq, ona görə dayanmadan irəli gedirdik. Hər kər hər şeyə hazır idi. Anlayırdıq ki, geriyə yol yoxdur”, - Qarayev deyir.

Bolşoy Teatrın Qarabağda döyüşən artisti: “Heç bir pis fikrim yox idi” - VİDEO - FOTO

Hər bir əsgər üçün olduğu kimi, Atəş üçün də döyüş yoldaşlarının həlak olması ağır gəlirdi. Onun sözlərinə görə, hamı müharibənin itkisiz başa gəlmədiyini anlayırdı. Döyüşlərdən birində Atəşin xalası oğlu Əhmədov Natiq Namiq oğlu şəhid olur. Qarayev deyir ki, ən çox itkiləri Ərgünəş tərəfdə olub. Müğənni bildirir ki, onları hər tərəfdən elə intensiv atəşə tutubmuşlar ki, oradan sağ çıxacağına inanmırmış. Atəş etiraf edir ki, bu döyüş onun üçün mənəvi cəhətdən ən ağır olanı idi.

“Füzulidən Şuşa dağlarınacan piyada getdik. Şuşanı azad eləmək üçün dördcə kilometr qalmışdı. Orayacan yolumuz 10 gün çəkmişdi. Sonra bizə dedilər ki, bizim xüsusi təyinatlılarımız unikal əməliyyat keçirərək Şuşanı düşməndən təmizləyiblər. Bu bizim üçün ən sevindirici xəbər oldu. O hissləri sözlə ifadə eləmək çətindir. Ermənistanın kapitulyasiya etməsi xəbərini alanda sevincimiz ikiqat oldu, bu, rəsmi olaraq Azərbaycanın Vətən müharibəsində qələbəsi demək idi”, - Qarayev qeyd edir.

44 günlük müharibə ərzində həmsöhbətimiz döyüş yoldaşlarının əhvalını yüksəltmək üçün mahnılar oxuyurmuş. Atəş deyir ki, Qarabağda oxuyanda qeyri-adi emosiyalar yaşayıb. Atəş Qarayev nəinki döyüşlərdə iştirak edən, hətta Qarabağda ilk dəfə çıxış edən opera müğənnisi olduğu üçün çox şaddır.

“Mənim üçün daha çox valideynlərim narahat olurdular. Onlara həmişə deyirdim ki, gec-tez Qarabağda müharibə yenə başlayacaq və mən cəbhəyə gedəcəm. Bu mənim arzum idi. Valideynlərim mənim vətəndaş mövqeyimi, qərarımı bilirdilər və mənəvi cəhətdən buna hazır idilər. Evdən çıxanda görüşmədim, dedim ki: “Qarabağa döyüşməyə gedirəm, ölməyə yox!” Heç bir pis fikrim yox idi, bilirdim ki, öz torpaqlarımızı azad etməyə gedirəm”, - Qarayev danışır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Atesh Kara (@atesh_kara)

İndi vokalçının valideynləri onunla fəxr edir, səbrsizliklə evə dönəcəyi günü gözləyirlər. O isə hələlik xidmətdədir və nə vaxt qayıdacağını dəqiq bilmir.

Müharibə Atəşin dünyagörüşünü dəyişib. O deyir ki, döyüşdə olan hər kəs mənəvi cəhətdən böyüyüb. Atəş Qarayev Azərbaycan üçün vacib olan belə tarixi hadisənin iştirakçısı olduğu üçün xoşbəxtdir. Artıq hər şey yaxşıdır, Azərbaycan torpaqları azad olunub, insanlar yenidən öz torpaqlarında yaşaya biləcəklər, Atəş deyir.