MƏDƏNİYYƏT

"Nu, Poqodi!"nin müəllifi vəfat edib

Aleksandr Kurlyandski Sovetlər dönəmində məşhur olan "Nu, Poqodi!", "Möhtəşəm Qoşa", "Tutuquşu Keşa" və s. çizgi filmlərinin, həmçinin "Yeralaş" kinojurnalında çəkilmiş çox sayda qısametrajlı filmlərin müəllifi olub
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, tanınmış satirik, dramaturq və ssenarist Aleksandr Kurlyandski vəfat edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, tanınmış dramaturq 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Aleksandr Kurlyandski sovet dönəmində məşhur olan "Nu, Poqodi!" ("Bir dayan!"), "Möhtəşəm Qoşa", "İtmiş tutuquşunun qayıtması" ("Vozvraşenie bludnoqo popuqaya") və s. cizgi filmlərinin, həmçinin "Yeralaş" kinojurnalında çəkilmiş çox sayda qısametrajlı filmlərin müəllifi olub.

Qeyd edək ki, "Soyuzmultfilm"in istehsalı olan "Bir dayan!" cizgi filminin pilot seriyası 1969-cu ildə rejissor Gennadi Sokolski tərəfindən lentə alınıb. Sonrakı seriyaların rejissoru Vyaçeslav Kotyonoçkin, sseneri müəllifləri Arkadi Xayt, Aleksandr Kurlyandski və Feliks Kamov olub. Cizgi filminin əsas qəhrəmanlarından olan Canavarı məşhur sovet aktyoru Anatoli Papanov, Dovşanı isə Klara Rumyanova səsləndiriblər.

Xatırladaq ki, Kurlyandski 1970 və 1977-ci illərdə "Qızıl buzov" mükafatına, 1988-ci ildə isə SSRİ Dövlət Mükafatına layiq görülmüşdü.