BAKI, 21 dekabr — Sputnik. Dekabrın 19-da Biləsuvar rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Sputnik Azərbaycan Biləsuvar Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla Daxili İşlər Nazirliyinin 102 xidmətinə daxil olmuş müraciət əsasında Biləsuvar rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Vüsal Adışovun hadisə yerinə çıxıb xidməti vəzifələrini icra edərkən rayon sakini İlqar Rəsulovun ona qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Rəsulovun üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin sağ iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 10,253 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlqar Rəsulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.