Minsk yenə qarışıb: 100 nəfəri həbs elədilər

Milisdən bildiriblər ki, əvvəllər etiraz aksiyalarında iştirak edən, ancaq saxlanılmayan vətəndaşları, eləcə də səbəbsiz yerə siqnal verən sürücüləri də axtarıb tapacaqlar
Sputnik

BAKI, 20 dekabr - Sputnik. Bu gün Belarusun paytaxtında keçirilən etiraz aksiyalarında yüzədək insan saxlanılıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Minsk milisinin Telegram kanalında məlumat verilib.

"İcazəsiz tədbirlərin iştirakçılarına qanunazidd hərəkətlər etdikləri barədə dəfələrlə xəbərdarlıq edildi. Bundan sonra onlardan daha aktiv olan 100 nəfər saxlanıldı. Mövcud qanunvericilik çərçivəsində onlar barədə araşdırma aparılır", - məlumatda qeyd olunur.

Milisdən bildiriblər ki, əvvəllər etiraz aksiyalarında iştirak edən, ancaq saxlanılmayan vətəndaşları, eləcə də səbəbsiz yerə siqnal verən sürücüləri də axtarıb tapacaqlar. Çünki sonuncular "qanunları pozmaqdan əlavə, bəzi hallarda yol hərəkəti iştirakçılarına qəza şəraiti yaradıblar".

Belarusda qeydiyyatda olmayan "Vesna" hüquq mərkəzi isə ölkənin bir neçə şəhərində 67 etirazçının həbs edildiyini yazıb. 

Qeyd edək ki, bu gün güc strukturları növbəti etiraz aksiyası ərəfəsində Belarus Prezidenti Aleksandr Lukaşenkonun iqamətgahı qarşısına xüsusi texnika çıxarıblar.

Avqustun 9-da keçirilən prezident seçkisindən bəri Belarusda etiraz aksiyaları səngimir. İndiyədək minlərlə insan saxlanılıb, onlardan bəzilərinin həlak olduğu deyilir.