Baydenin qohumusansa, tutmazlar?

Baydenin qohumunun işi bir ildən çox idi ki, məhkəmədəydi. Ona qarşı 2020-ci il noyabrın 4-də, ABŞ prezidentliyinə seçkidən bir gün sonra ittiham irəli sürülüb.
Sputnik

BAKI, 20 dekabr - Sputnik. ABŞ-da prezident seçkisində qalib gələn Co Baydenin qohumu Kerolayn Bayden sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə The New York Post Pensilvaniya məhkəməsinin iclas protokoluna istinadən məlumat verib.

Bu cür qanun pozuntusuna görə 20 gündən 6 ayadək həbs cəzası düşür. Ancaq 33 yaşlı K.Bayden Montqomeri dairəsinin prokuroru ilə bir razılaşma əldə edib. Kerolaynı həbs etmək əvəzinə 5 ay şərti cəza kəsiblər, üstəlik yanvarda reabilitasiya mərkəzində keçirdiyi 20 günü də bu müddətə qatıblar.

​Kerolayn Bayden Pensilvaniya ştatının Louer Merion şəhərində 2019-cu ilin avqustunda, avtomobili ağaca dəyəndən sonra saxlanılmışdı. Bildirilir ki, həmin vaxt qadının üzərində sürücülük vəsiqəsi olmayıb, dindirilərkən isə fikrini cəmləyə bilməyib. Polislər onun maşınında karizoprodol və lorazepam həbləri tapıblar. Analizlər göstərib ki, qəza zamanı adıçəkilən dərmanlar, eləcə də başqa preparatların izləri Kerolaynın qanında olub.

Baydenin qohumunun işi bir ildən çox idi ki, məhkəmədəydi. Ona qarşı 2020-ci il noyabrın 4-də, ABŞ prezidentliyinə seçkidən bir gün sonra ittiham irəli sürülüb.