BAKI, 20 dekabr - Sputnik. Azərbaycanın Əməkdar artisti Atabala Səfərov 71 yaşında dünyasını dəyişib.
Sputnik Azərbaycan-ın məlumatına görə, əməkdar artist uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş. Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən aktyorun ürəktutmasından vəfat etdiyi bildirilib.
Atabala Səfərov 1949-cu ildə Şabran şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib və elə həmin il Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1972-1973-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra yenidən doğma teatra qayıdıb. 1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışıb, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıdaraq burada yaradıcılıq fəaliyyətini davam etdirib. Bu müddətdə o, "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Bir günlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış edib. 2012-ci il mayın 9-da Əməkdar artist fəxri adına layiq görülüb.
Atabala Səfərov həmçinin "Adı sənin, dadı mənim" (1980), "Topal Teymur" (1983), "Evləri köndələn yar (1982), "Müəmmalı yubiley" (2007), "Qovğalı kəndinin gecələri" (2008), "Əlavə təsir" (2010) film və teletamaşalarda rollar oynayıb.