CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik son bir ayda sosial dəstəklə əhatə olunan şəxslərin statistikasını yayıb

Hər gün daha da genişlənən dəstək tədbirlərinin bir istiqaməti şəhid ailəsi üzvlərinin sosial təminat hüquqlarının təmin edilməsidir.
Sputnik

BAKI, 18 dekabr — Sputnik. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, o cümlədən yaralanmış hərbçilər, erməni terrorundan zərər çəkənlər ilə bağlı konkret tədbirləri planı üzrə sosial dəstək tədbirləri görülür. Son bir ayda bu tədbirlər həmin kateqoriyalardan olan artıq 4 mindən çox şəxsi əhatə edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, hər gün daha da genişlənən dəstək tədbirlərinin bir istiqaməti şəhid ailəsi üzvlərinin sosial təminat hüquqlarının təmin edilməsidir. Bu istiqamətdə ardıcıl və operativ işlər aparılır. Şəhid ailəsi üzvlərinə Prezidentin aylıq təqaüdləri, pensiya və müavinətlər təyin edilir.

Bu proses, eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, yaralanmış hərbçilər, erməni terrorundan zərər çəkənlərin aktiv məşğulluq proqramlarına cəlb edilməsi, onların sosial-psixoloji dəstəklə təminatı və s. tədbirləri də davam edir. Nazirliyin əməkdaşları tərəfindən hər bir şəhid ailəsi, müharibə iştirakçısı, müharibədən zərər çəkən şəxslə görüşülür, onların dövlətin sosial dəstəyi ilə əhatə olunmaları üçün bütün işlər görülür.

Şəhid ailələri üçün yeni sosial dəstək tədbirləri hazırlanır

S.Babayev bildirib ki, bu günlərdə şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər daxil olmaqla, daha 4 proaktiv, 2 elektron, 5 e-arayış xidməti təqdim edildi. İndi Nazirliyin 31-i proaktiv olan 60-a yaxın e-xidməti, habelə 20 e-arayış xidməti var ki, onlardan bir hissəsi şəhid ailələri, Milli Qəhrəmanlar, müharibə əlilləri ilə bağlıdır. Onlarla bağlı proaktiv xidmətlərin dairəsi getdikcə daha da genişlənəcək. Yaxın günlərdə bir sıra yeni e-xidmətlər də təqdim ediləcək. Bütün bu işlərdə məqsəd əhaliyə, xüsusilə də həmin kateqoriyalardan olan vətəndaşlarımıza daha keyfiyyətli, şəffaf, operativ, vətəndaş məmnunluğuna səbəb olan xidmətlər göstərməkdir.

Kollegiya iclasında peşə və kvalifikasiya standartlarının hazırlanması sahəsində aparılan işlər nəzərdən keçirilib. Bu standartların peşə-ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasında önəmi qeyd edilib.

2020-ci il ərzində sosial xidmət və reabilitasiya müəssisələrində əsaslı təmir və yenidənqurma, yeni sosial obyektlərin tikintisi, Nazirlikdə sənəd dövriyyəsi və kargüzarlıq işinin təşkili, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması sahələrində görülən işlər və qarşıda duran vəzifələr də müzakirə olunub. Bir sıra peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi qərara alınıb.

Həmçinin Nazirliyin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş "Turizm müəssisələrinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda dəyişiklik edilməsi, növbəti ilin istehsalat təqviminin təsdiqlənməsi məsələləri iclasda ətraflı müzakirə edilib.