VİDEO

Hadrutdakı mühasirəni yarıb əsgərlərini xilas edərkən şəhid düşən kapitan

Hərbçi olmağı qərar verəndən o, şəhid olacağını da bilirdi. Ona görə ailəsini həmişə bu xəbərə hazır olmağa alışdırıb.
Sputnik

Kapitan Emin Mahmudov 1994-cü ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. Hələ uşaqlıq illərindən arzusu hərbçi olmaq idi. 

Azərbaycanın ən böyük arzusunu çin edən 19 yaşlı şəhid – video
Heydər Əliyev adına Ali Hərbi Akademiyanı bitirib, ən qaynar nöqtələrdə zabit kimi xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, xüsusi xidmətlər göstərib.

2-ci Qarabağ müharibəsində də öz hünər və rəşadətiylə yadda qalıb. Özü yaralı olsa da əsgərlərini darda qoymayıb. Özü şəhid olsa da onları mühasirədən çıxarmağa nail olub. Atası Pünhan Mahmudov Sputnik Azərbaycan-a Eminin son döyüşü barədə danışıb:

“İlk olaraq Suqovuşanda, ardınca Cəbrayıl və Füzulinin bir neçə kəndinin azad edilməsində iştirak edib. Son döyüşü Hadrut istiqamətində olub. Baş leytenant olub. Döyüşlər ərəfəsində kapitan rütbəsi verilib. Döyüş yoldaşlarının məlumatına görə, 80 nəfər hərbçimiz mühasirəyə düşüb. Emin bir neçə zabit yoldaşı ilə mühasirəni yarıb yoldaşlarını mühasirədən çıxardıqdan sonra həmin zabitlərlə birgə şəhid olub. Sonuncu dəfə ayın 11-i danışmışdıq. Elə həmin gecə də şəhid oldu”, - deyə Pünhan Mahmudov məlumat verib.

Eminin anası Bəsti Məmmədovanın bildirdiyinə görə, Emin həmişə qarşısına məqsəd qoyaraq hərəkət edib. O səbəbdən ailədə heç kim onun hərbçi olmağına qarşı çıxa bilməyib. Emin hərbçi olduqdan sonra hər şəhid xəbərinə ağladığını deyən şəhid anası Eminlə fəxr etdiyini söyləyib. 

“O, hərbi məktəbə girəndən hər televiziyada hərbi formada şəhid görən kimi ağlayırdım. Neçə illərdi elə olmuşam. Aprel döyüşlərində də ağlamışam. Oğlum sağ olsa da, Polad Həşimov öləndə ağlamışam. Bilməzdim oğlum da elə olar. Mən Eminə güvənirdim. Onun ölməyinə inanmıram hələ də. Düzdü Eminlə fəxr edirəm, amma onunçün çox darıxıram”, - deyə o, bildirib.

İki övlad atası olan şəhid Emin Mahmudov üçüncü övladının yolunu gözləyirmiş. Oğlu olsa, atasının, qızı olsa, Zeynəb adı qoymağı tapşırıb. Həyat yoldaşı Aytac Mahmudova Eminin həmişə onu bu günə hazırladığını deyib:

“İyul ayında Polad Həşimov şəhid olanda üzgün halda evə gəldi. Dedi internetdən Şöhrət Məmmədovun “Şəhidim” mahnısını tap aç. Mən şəhid olanda fotolarımı bu mahnıyla verərsən. Dedim niyə elə deyirsən. Cavab verdi ki, torpaqlarımızın azadlığı uğrunda hamımız gedəcəyik. Sən hər an hazır ol. Sən hərbçi yoldaşısan, ağlamalı deyilsən. Anama da denən ağlamasın. Deyin, Vətən sağ olsun”, - deyə bildirib.

Eminin arzularından biri də oğlunun hərbçi olması olub. 4 yaşı olmasına baxmayaraq onunla hərbçi kimi davranıb. Ailə üzvləri Eminin vəsiyyətinə əməl edəcəklərini bildiriblər.