BAKI, 19 dekabr — Sputnik, Kəmalə Əliyeva. Başının üstündə güllələr uçuşanda belə, əsgər yoldaşlarını ruhlandırmaq üçün mahnı oxumağından qalmayıb - İkinci Qarabağ Müharibəsində iştirak etmiş müğənni Məbud Əhmədov Sputnik Azərbaycan-a verdiyi müsahibəsində belə deyir.
Nəğməkar-əsgər hospitalda yaraları sarındığı vaxt Qarabağ haqqında mahnı oxuduğu videoçarx sayəsində bütün ölkədə məşhurlaşdı. Hazırda Məbud Əhmədov Şəmkirdə müalicə olunur.
İfaçı 1996-cı ildə Bakıda anadan olub. Birinci sinifdən müsiqi ilə məşğul olmağa başlayıb. İlk dəfə isə məktəbdə keçirilən "Əlifba bayramı"nda çıxış edib. Həmin vaxt Məbud öz sinif yoldaşları və müəllimlərinin qarşısında "Ana Kür" mahnısını ifa edib. Bundan sonra, musiqi müəllimi onun valideynlərinə məsləhət görüb ki, Məbudu vokal məktəbinə yazdırsınlar. Beləliklə, Əhmədovun ilk müəllimləri Vüsalə Məmmədzadə və Sabir Abdullayev olub.
Məktəbi bitirəndən sonra Azərbaycan Milli Konservatoriyasına qəbul olunub. Konservatoriyada ona Xalq artisti Təyyar Bayramov, magistraturada isə Xalq artisti Arif Babayev dərs deyib. Ali təhsil aldığı müddətdə Məbud Əhmədov müqavilə əsasında Azərbaycan Dövlət Akedemik Musiqili Teatrında işləyib, "Ər və Arvad" tamaşasında çıxış edib. Eyni zamanda, ATV-nin müxtəlif proqramlarında ifaçı kimi fəaliyyət göstərib. Təkcə xalq mahnılarını deyil, estrada mahnılarını da məharətlə ifa edib. Təhsilini başa vurandan sonra isə Vətən qarşısında borcunu ödəmək üçün hərbi xidmətə yollanıb.
Həmin vaxt II Qarabağ müharibəsinin iştirakçısı olacağı müğənnin ağlına da gəlməyib. Ancaq indi 30 ildən bəri erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak etdiyi üçün özünü çox xoşbəxt hiss eləyir.
"O günü indiki kimi xatırlayıram, sentyabrın 27-də bizə bildirdilər ki, müharibə başlayır. İlk döyüşümüz oktyabrın 6-da Füzuli istiqamətində oldu. Yaxın dostum, qrup yoldaşım Toğrul Hacıyevi məhz həmin döyüşdə itirdim. O, şəhid oldu. Biz düz 6 il bir yerdə oxumuşduq, dostluq etmişdik. Onun ölümünü görmək mənim üçün çox ağır idi, amma müharibə davam eləyirdi və biz irəli getməli idik", - Əhmədov müharibənin ilk günlərini bu sözlərlə yada salır.
Nəğməkar əsgər Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Qəlpə yarası almasına baxmayaraq, bu barədə əsgər yoldaşlarına və həkimlərə bir söz demədən döyüşməyə davam edib. Xankəndi istiqamətində, "Qırmızı Bazar" qəsəbəsində baş tutan son döyüş onun üçün çox ağır keçib. Noyabrın 3-də məhz həmin yerdə Əhmədov qolundan və ayağından ağır güllə yarası alıb.
"Çox çətin döyüş oldu. Bizi hər tərəfdən atəşə tutmuşdular. Ağlıma da gəlmirdi ki, buradan hansımızsa sağ çıxa bilərik. Şükür Allaha ki, düşmənə layiqincə cavab verə bildik və irəli hərəkət etdik. Mənə ilk yardımı əsgərlər Anar Şəhriyarov və İbrahim Mirzəyev göstərdilər. Onlara bütün ömrüm boyu minnətdar olacağam. Onlar mənim həyatımı xilas etdilər", - Əhmədov həmin günləri bu sözlərlə yada salır.
Məbud Əhmədov deyir ki, döyüş vaxtı əsgər yoldaşlarını ruhlandırmaq üçün onlara mahnılar oxuyub. Hətta başının üstündə güllələr uçuşanda belə o, müxtəlif xalq mahnılarını ifa etməkdən çəkinməyib. Dediyinə görə, onu bütün ölkədə məşhurlaşdıran videoçarx isə Füzuli rayonunun Diaqnostika Mərkəzində, qolundakı yarası sarındığı vaxt çəkilib.
"Həkim Oktay Mehdiyev başımı qarışdırmaq üçün hansı peşənin sahibi olduğumu soruşdu. Müğənni olduğumu deyəndə bir mahnı oxumağımı istədi. Mən də Qarabağla bağlı bir mahnı oxumağa qərar verdim. Bu mahnını bütün qəlbimlə ifa elədim. Ağrıya, aldığım yaralara baxmayaraq doğma vətənim Azərbaycan üçün belə mühüm bir tarixi hadisənin iştirakçısı olduğuma görə fəxr eləyirdim", - deyə Əhmədov bildirir.
Bu videodan sonra gənc müğənniyə doğmaları, dostları, hımkarları, eləcə də ABŞ-dan, İngiltərədən, Qazaxıstandan, Belçikadan və başqa ölkələrdən tanımadığı insanlar zəng vuraraq öz minnətdarlıqlarını bildiriblər.
Hazırda Məbud Əhmədov Şəmkirdə müalicə alır. Ümid edir ki, dekabrın axırına kimi xəstəxanadan buraxılıb Bakıya gələ, doğmaları ilə görüşə biləcək.
Gənc müğənniyə əməkdaşlıqla bağlı xeyli sayda təklif də gəlib. Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədazadə isə ona mahnı həsr edib. Məbud Bakıya qayıdandan sonra həmin mahnını lentə yazdırmaq fikrindədir.
Müsahibənin sonunda Məbud Əhmədov bütün şəhid ailələrinə başsağlığı verdi, yaralı əsgərlərimizin isə tezliklə sağalmasını dilədi.