BAKI, 18 dekabr — Sputnik. Xalq artisti Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Abbas Bağırov, Tünzalə Ağayeva və müğənni Xəyyam Nisanov birlikdə rus dilində ifa etdikləri "Шуша Возвращается Домой" ("Şuşa evinə qayıdır") adlı mahnını təqdim ediblər.
Sputnik Azərbaycan xəbər verir ki, bəstənin söz və musiqisi Seymur Aslanova, rejissorluğu isə Cəlal Kəngərliyə məxsusdur.
Mahnının rus dilində səsləndirilməsinə Tünzalə Ağayeva sosial şəbəkədə belə aydınlıq gətirib:
"Şuşa haqqında mahnının məhz rus dilində oxunmasının məqsədi ölkəmizdən kənarda , dünyadakı böyük rusdilli auditoriyaya Şuşamızın, Qarabağımızın gözəlliyini çatdırmaqdır".
Zülfiyyə Xanbabayeva isə "Instagram" hesabındakı paylaşımında "Şuşanın qayıdışının xalqımız üçün nə qədər müqəddəs, vacib, haqq işi olduğunu təsvir edən və səsimizi çoxmilyonlu qonşu xalqlara çatdıracaq yeni layihəmizi təqdim edirik" sözlərini yazıb.