BAKI, 18 dekabr — Sputnik. "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılan vahid elektron kommersiya konsepsiyasında fəaliyyət göstərəcək yeni portal biznes subyektlərin ixtiyarına veriləcək".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov "Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi" layihəsi çərçivəsində Virtual Sahibkarlıq Yarmarkasının açılış mərasimində deyib.
"Yekunlaşmaq mərhələsində olan portal kiçik və mikrobiznes subyektlərinin məhsul və xidmətlərinin vahid platforma vasitəsilə tanıdılması və onlayn satışının həyata keçirilməsi üçün nəzərdə tutulub. Portal KOB-lara şəxsi internet mağazanın yaradılması üçün öz maliyyə vəsaitlərindən istifadə etmədən məhsul və xidmətlərini tanıtmağa və satışı həyata keçirməyə imkan yaradacaq", - deyə O.Məmmədov diqqətə çatdırıb.
KOBİA-nın sədri, həmçinin mikrosahibkarlığın inkişafına dəstəyi nəzərdə tutan platformaları dəstəklədiyini, coğrafi əhatəlilik və geniş məhsul çeşidlərinin satışına dəstəyi nəzərdə tutan layihənin effektiv olacağına əminliyini vurğulayıb. O qeyd edib ki, yarmarkaya qatılan iştirakçıların əksəriyyətinin qadın sahibkarlar olması, platformanın hazırkı pandemiya şəraitində təşkili xüsusilə əhəmiyyətlidir: "Layihədə təmsil olunan mikro sahibkarların növbəti mərhələdə KOBİA-nın daxili bazar araşdırmalarına dəstək, KOB inkişaf mərkəzinin xidmətlərindən ödənişsiz istifadə, "KOB Dostu" şəbəkəsi vasitəsilə yerində hərtərəfli dəstək, agentliyin yaxın vaxtlarda fəaliyyətə başlayacaq onlayn satış platformasından istifadə etməsi onların inkişafı üçün faydalı olacaq".