Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 18 dekabr — Sputnik. "Polkovnik-leytenant Sadiq Məmmədovla şahmat məktəbindən tanış idik. Məndən 2 yaş böyük idi. Bizim dövrümüzdə Qax Şahmat Məktəbinin ən güclüsü və Qax komandasının birinci "lövhəsi" idi. Onunla şahmat oynamaq üçün gərək əvvəlcə qrup birincisi, daha sonra isə öz yaş qrupun üzrə rayon çempionu olaydın".
Bu barədə şəhid polkovnikin uşaqlıq dostu olan Orxan Cəbrayıl onunla bağlı xatirələrini Sputnik Azərbaycan-la bölüşərkən deyib.
O.Cəbrayıl deyir ki, şahmata başlayanda gözlənilməz nəticə göstərib qısa müddətdə həm öz qruplarında, həm də rayon üzrə öz yaş qrupunda birinci olub:
"Yarışla bağlı heç bir təcrübəm yox idi. Yaxşı xatirimdədir ki, rəhmətlik İbrahim müəllim avtobusa minmədən öncə məni Sadiqə tapşırmışdı ki, Orxanla məşq et, ona kömək ol. Bakıda, "Gənclik" mehmanxanasında qalırdıq, hər turdan sonra oyunları təhlil edir, Sadiqin köməkliyi ilə yeni oyuna hazırlaşırdım. Zamanla elə oldu ki, bəzi yarışlarda rəqib də olduq. Şahmatla bərabər, digər idman növləri ilə də məşğul olurdu. Olduqca savadlı, nizam-intizamlı, səliqəli, tərbiyəli bir oğlan idi".
"Hərbi Akademiyaya qəbul olmuşdu. Mən Bakıya gedəndə o, artıq II kursda idi. Dostum Kamran Cəfərov da Hərbi Akademiyaya qəbul olmuşdu. Sadiqin Akademiyada kursantlar arasında böyük hörmət sahibi olduğunu danışardı", - deyə həmsöhbətimiz əlavə edir.
O.Cəbrayıl onun şəhadəti xəbərini dərin bir üzüntü ilə qarşılayıb: "Düzü, çoxdan idi, əlaqəmiz yox idi. Bəzi ortaq dostlarımızla söhbət etdim. Sadiqin peşəkar bir zabit kimi uğurlu hərbi karyera qurduğunu, hərb sənətinə bütün varlığı ilə bağlı olduğunu bildirdilər. Üç körpə balası var. Çox heyif ki, hər şey yarım qaldı".
"Sadiq Laçın uğrunda gedən döyüşlərdə Azərbaycan bütövləşsin, mən və mənim kimi minlərlə laçınlı öz yurduna qayıda bilsin deyə döyüşdü, şəhid oldu", - deyə o əlavə edir.
Onların illər öncə bir-birilərinə bir görüş vədi də olub: "İllər öncə Sadiqlə Neftçilərdə qarşılaşmışdıq, oturub çay içmişdik. Vidalaşanda bir gün mütləq şahmat oynamaq barədə sözləşmişdik. Çox təəssüf edirəm ki, bu görüş heç vaxt baş tutmayacaq. Tək təsəllimiz böyük amallar uğrunda şəhid olmasıdır. Məkanı cənnət olsun cənab polkovnikimizin!"
Şəhidimizlə bağlı xatirələrindən danışan Kamran Cəfərov onun uşaqlıq dostudur. Qax rayonunda böyüyən Sadiq Məmmədovla Kamran Cəfərovun tanışlığı isə idman oyunlarının keçirildiyi bir vaxta təsadüf edib: "Bu gözəl, yaraşıqlı oğlanla məktəb illərində tanış olmuşuq. Onunla tanışlığımız güləş zalından başladı. Həmin gün zalda balaca boylu, dolu bədənli bir oğlan gördüm. Tanışlığımız dövründə güləş zalında birgə məşq etməyə başladıq. Biz ayrı-ayrı çəkilərə görə güləşirdik. O, fiziki baxımdan da çox sağlam idi. Müəllim deyirdi ki, Sadiqi yıxa bilirsənsə, demək, nəsə əldə etmisən. O hər bir şeyi planlı şəkildə edirdi, boş yerə zamanını itirməzdi. Sanki o, elə hərbçi doğulmuşdu. Heç zaman bacarmadığı bir işə girişməzdi".
"O, sənət seçəndə də dedi ki, hərbçi olacaq. Çünki onun xarakteri, xasiyyəti hərbə tam uyğun idi. O, birinci ildən Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olundu. Mən isə 2-ci ildən o məktəbə qəbul oldum.
Təsəvvür edin, kursantlar arasında ona Böyük Atatürk deyirdilər. Gözündə heç bir qorxu olmayan, hər zaman sözün düzünü deyən insan qısa zamanda kollektivdə özünə hörmət qazanmışdı. O, həm də güclü şahmatçı idi. Şahmatda da planlama olduğundan bu tam olaraq Sadiqin xarakterinə uyğun idi.
O, kəşfiyyat zabiti olub. O zaman bizim zabitlərimiz hamısı Türkiyədən idi. O vaxtı Türkiyədən olan zabitlərlə 10 illik müqavilə bağlanmışdı ki, onlar bizə hərbin sirlərini öyrətsinlər. Onlar daha sərt olur və cəzaya layiq kursantı mütləq şəkildə cəzalandırırdılar. Kursantlar sırada olanda nəsə baş verib, türkiyəli zabit təsadüfən Sadiqi qabağa çıxarıb və soruşub ki, digərləri arxada nə edirdilər. Sadiq deyib ki, mən bunu bilirəm, amma demərəm. Çünki bu gün onların nə etdiyini deməklə sabah döyüşdə, yaxud da başqa bir yerdə yenə də satmış olaram. O deyib ki, istəyirsinizsə, məni cəzalandırın, dostlarımın əziyyət çəkməsindənsə, elə mən özüm əziyyət çəkim. Beləcə, o, 200 metr sürünərək "Vətən sağ olsun!" deyib. Mən əminəm ki, onun dostlarını satmaması zabitin xoşuna gəlib. Sadiq gələndə yoldaşları hər zaman ona hərbi salam verərdilər".
"O, mənə deyirdi ki, şahmat oynamağa vaxtım olmayacaq, amma qarşıda çox illər var, səninlə güləşməyə vaxtım olacaq. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə də şahmatla məşğul olurdu və yüksək nəticələr də əldə edirdi", - deyə uşaqlıq dostu onunla bağlı xatirələrini vərəqləyir.
Həmsöhbətimiz deyir ki, o, polkovnik-leytenant rütbəsinə qalxanadək bütün rütbələrini vaxtında alıb, hər zaman Vətənə layiqli zabit kimi xidmət edib: "O, hər bir addımında Vətənə xeyir verməyi düşünürdü. Mən hazırda Rusiyada yaşayıram, o bir gün mənə bir binoklla bağlı məlumat atdı və dedi ki, maraqlan, gör yaxşıdırsa, al, mənə göndər, bu binoklla Vətən üçün çox işlər görəcəyəm".
Kamran Cəfərov onunla sonuncu dəfə ölümündən iki gün öncə əlaqə yarada bilibmiş: "Soruşdum ki, haradasan, zarafatla dedi ki, Azıx mağarasında. O, bizim son əlaqəmiz oldu, iki gündən sonra ölüm xəbərini eşitdim. O, Vətən üçün doğulmuşdu, elə Vətən üçün də öldü".
Başın sağ olsun, Vətən!