BAKI, 18 dekabr — Sputnik. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Türkiyə Respublikasının Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sputnik Azərbaycan xəbər verir ki, Memorandumun məqsədi hər iki ölkənin mərkəzi bankçılıq sahəsində əlaqələrinin dərinləşdirilməsindən, məlumat mübadiləsi və əməkdaşlığın gücləndirilməsindən ibarətdir.
İmzalanmış Memoranduma əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Türkiyə Respublikasının Mərkəzi Bankı arasında mərkəzi bankçılığın müxtəlif istiqamətlərində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur. Eyni zamanda Memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, eləcə də mərkəzi bankçılıq məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq.
Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Mərkəzi Bankı arasında uzun illər ərzində intensiv əməkdaşlıq əlaqələri formalaşıb və bu əməkdaşlıq çərçivəsində mərkəzi bankçılığın müxtəlif funksional sahələri üzrə birgə texniki yardım layihələri həyata keçirilib.
İmzalanmış bu Memorandum iki qardaş ölkənin bütün istiqamətlərdə olduğu kimi, mərkəzi bankları arasında da əməkdaşlığın daha da möhkənməsinə xidmət edəcək, həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin bank sisteminin inkişafına öz töhfəsini verəcək.