Müharibə dövründə mülki əhaliyə dəymiş ziyan 10 günə ödəniləcək

Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün ilkin olaraq 9068128 manat ayrılıb.
Sputnik

BAKI, 17 dekabr — Sputnik. Baş Nazir Əli Əsədov "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə" sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən, Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etməlidirlər.

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün ilkin olaraq 9068128 manat ayrılıb.