RUSİYA

Rusiya MN: Sülhməramlıların Qarabağda mühasirəyə düşməsi xəbəri yalandır

Bir qədər əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda erməni hərbçiləri ilə yanaşı, rusiyalı sülhməramlıların da Azərbaycan hərbçiləri tərəfindən mühasirəyə alındığını bildirmişdi.
Sputnik

BAKI, 16 dekabr - Sputnik. Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının mühasirəyə alınması barədə məlumat həqiqətə uyğun deyil.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada qeyd olunub.

“Rusiya sülhməramlı qüvvələrinin guya Dağlıq Qarabağdakı tərəflərdən birinin mühasirəyə aldığı barədə məlumatlar həqiqətə uyğun deyil. Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağdakı bütün bölmələri həm müşahidə məntəqələrində, həm də atəşkəs rejiminə riayət olunmasına nəzarət zamanı tapşırıqları nizamlı şəkildə yerinə yetirirlər”, - nazirlikdən bildirilib.

Vurğulanıb ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qərargahı Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargahı ilə birbaşa rabitə kanalları ilə fasiləsiz qarşılıqlı əlaqədə olur, o cümlədən baş verə biləcək hadisələrin qarşısının alınmasında iştirak edir.

Nazirlik sülhməramlıların Dağlıq Qarabağda Rusiya və Azərbaycan Prezidentləri və Ermənistanın Baş naziri arasındakı razılaşmalara uyğun olaraq fəaliyyət göstərdiklərini xatırladıb. Nazirlik əlavə edib ki, atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Bir qədər əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan müsahibəsində Dağlıq Qarabağda erməni hərbçiləri ilə yanaşı, rusiyalı sülhməramlıların da Azərbaycan hərbçiləri tərəfindən mühasirəyə alındığını bildirmişdi.