İQTİSADİYYAT

Azərbaycan Türkiyə ilə Naxçıvana təbii qaz tədarükünə dair sənədi imzalayıb

"İmzalanan sənəd Naxçıvana Türkiyədən boru kəməri vasitəsilə qaz tədarükünə zəmin yaradır. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq".
Sputnik

BAKI, 16 dekabr — Sputnik. Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.

Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad olunması ilə başlayan imzalanma mərasimində çıxışı zamanı energetika naziri Pərviz Şahbazov Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini, haqq işimizə verdiyi tərəddüdsüz dəstəyi həmrəyliyimizin bariz nümunəsi kimi qiymətləndirib. Bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının, sarsılmaz birliyinin qələbəsidir: "Bu iki ölkənin liderlərinin bir-birinə güvəninin, qardaşlığının, gələcəyə aydın baxışlarının zəfəridir. Hər iki ölkənin özü üçün bir dəyərə çevirdiyi ədalət və inkişafın qələbəsidir. Azərbaycan və Türkiyə regionda yeni geosiyasi reallıqların və təhlükəsiz inkişaf mühitinin birgə müəllifləridir. Regionun resurslar, kommunikasiya və logistika potensialının birgə istifadəsinə imkan yaradacaq yeni çoxşaxəli əməkdaşlıq yalnız Azərbaycan və Türkiyə üçün deyil, bölgə üçün, dünya üçün də faydalı olacaq".

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz isə deyib ki, bizim gücümüz qardaşlığımızdır, qardaşlığımız isə əbədidir: "Bu Zəfərlə birlikdə döyüşlərin, işğalların olduğu bir coğrafiya əvəzinə layihələrin danışıldığı bir bölgə ortaya çıxıb. Türkiyə-Naxçıvan təbii qaz boru xətti də bu Qələbənin bir hürriyyət layihəsidir. Bu layihə Naxçıvanın iqtisadiyyatını canlandıracaq".

Anlaşma Memorandumundan bəhs edərkən energetika naziri Pərviz Şahbazov Naxçıvanın təbii qazla təminatının strateji əhəmiyyət daşıdığını vurğulayıb: "İmzalanan sənəd Naxçıvana Türkiyədən boru kəməri vasitəsilə qaz tədarükünə zəmin yaradır. Hər iki ölkənin şirkətlərinin – SOCAR və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək".

İmzalanma mərasimindən sonra nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib. Enerji layihələrinin, xüsusilə neft-qaz kəmərlərinin təhlükəsizliyi, TAP boru kəməri barədə jurnalistlərin sualları cavablandırılıb.

Səfər çərçivəsində Azərbaycan və Türkiyə energetika nazirləri Pərviz Şahbazov və Fatih Dönməzin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Görüşdə Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün çəkiləcək yeni kəmərin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb, enerji sahəsində gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Nazir Pərviz Şahbazov Azərbaycanla Türkiyənin örnək enerji əməkdaşlığından, enerji layihələrinin hər kəs üçün faydalarından da bəhs edib. O bildirib ki, indiyə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 424 milyon ton nefti, qaz kəmərləri ilə isə Türkiyəyə 76 milyard kubmetrdən çox qaz nəql edilib: "TANAP-la Türkiyəyə nəql edilən qazın həcmi 2018-ci ilin iyulundan indiyə kimi 8,2 milyard kubmetrdən artıq olub. Bu vaxta qədər Türkiyənin Azərbaycan iqtisadiyyatına 14 milyard dollar, Azərbaycanın isə Türkiyəyə 18 milyard dollardan çox sərmayə qoyması da iki ölkə arasında yüksək əlaqələrin daha uğurlu bir nümunəsi kimi qiymətləndirilib".